Hökumət siyasətinin müəyyənləşməsində qadınların rolu

22 Oktyabr 2012 13:18 (UTC+04:00)
Ötən gün "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyi "Yerli İdarəetmədə Qadın Liderliyi" adlı layihəsi çərçivəsində "Azərbaycanda Qadın Liderliyinin artırılması və qərarvermə prosesində iştirakının gücləndirilməsi" mövzusunda təlim keçirib. Sumqayıt şəhər Tarix Muzeyində baş tutan tədbir Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilib.

Layihə rəhbəri Lyudmila Xəlilovanın bildirdiyinə görə, burada əsas məqsəd yerli idarəetmədə qadınların hüquq və imkanlarının artırılması, onların qərar vermə prosesində aktiv iştirakı və qadın liderliyinin inkişafının güclənməsinə nail olmaqdır: "Sumqayıt şəhərində kifayət qədər ictimai-siyasi aktiv qadın potensialı mövcuddur və təlim onların səfərbər olunmasına və gələcək fəaliyyətlərinin daha səmərəli qurulmasına kömək edəcək".

L.Xəlilova təlimlərin qadınların yerli qərarların qəbulunda və seçki proseslərində iştirakının fəallaşmasına səbəb olacağını bildirib. Abşeron rayon Saray bələdiyyəsinin sədr müavini Vəsilə Əbilhəsənova layihə çərçivəsində "CEDAW 7b" adlı koalisiya yaradıldığını dilə gətirib. Tədbirdə Sumqayıt İcra Hakimiyyəti, bələdiyyə, icma liderləri, sahibkar, idarəetmədə iştirak edən qadınlardan ibarət 30 nəfər iştirak edib.

Ülviyyə Tahirqızı
AzNews.az