2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan reallıqları

18 Sentyabr 2015 12:21 (UTC+04:00)
Neftin qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən bütün hasilat ölkələri kimi Azərbaycanın da gəlirləri azalacaq. Yaranmış vəziyyətdə Azərbaycan hökumətinin başlıca vəzifəsi növbəti ilə real iqtisadi göstəriciləri və buna uyğun olan büdcə proqnozlarını ortaya qoymaqdır. O da aydındır ki, hər bir ölkənin büdcəsinin parametrləri ilk növbədə onun iqtisadi durumunu əks etdirən göstəricilərlə uyğunluq təşkil etməlidir. Odur ki, 2016-cı il üçün büdcə layihəsində əks olunmuş göstəricilərə münasibət bildirməzdən öncə gəlin növbəti ilin makroiqtisadi göstəricilərinə qısa nəzər salaq.

***

Dünyada baş verən iqtisadi təlatümlər fonunda Azərbaycan hökuməti növbəti il üçün Ümumi Daxili Məhsulun həcmini 57,7 milyard manat proqnozlaşdırır ki, bu da 1,8% real iqtisadi artım deməkdir. Növbəti ildə qeyri-neft sektorunda ÜDM həcmi 41,5 milyard manat təşkil edəcəkdir. Bu, bütövlükdə ÜDM-un 72%-nə bərabər olmaqla 3,4% real artımdır. Növbəti ildə neft sektorunda ÜDM-un həcmi 1,7% azalsa da, 2014-cü ilin faktiki göstəricilərinə görə bu, 10,8%, 2015-ci ilin gözlənilən nəticələrinə görə isə 3,0% artım demək olacaqdır. 2016-cı ildə əsas kapitala investitsiyaların həcmi 18,8 milyard manat təşkil edəcəkdir ki, bunun da 57,8%-i və ya 10,9 milyard manatı daxili, 42,2%-i və ya 7,9 milyard manatı xarici investitsiyaların payına düşəcəkdir.

***

2016-cı ildə iqtisadiyyatın ümumi vəziyyətini xarakterizə edən bu göstəricilər dünya iqtisadi müstəvisində baş verən proseslər kontekstində kifayət qədər pozitiv göstəricilərdir və onlar neftin qiymətlərinin beynəlxalq maliyyə institutlarının növbəti il üçün tövsiyə etdikləri qiymətlərdən bir qədər də aşağı – yəni 1 barel üçün 50 ABŞ dolları həcmində və manatın növbəti ilə məzənnəsinin 1 dollar üçün 1,05 manat nisbətində götürülməsi şərti ilə müəyyənləşdirilmişdi.

***

2016-cı ilə dövlət büdcəsinin gəlirləri cari ilin proqnoz göstəricilərinə nisbətən 25,1% və ya 4,9 milyard manat az nəzərdə tutulmuşdur. Bu, hər kəsə bəlli olan neft hasilatının azalması və onun dünya bazarlarındakı qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bağlıdır. Bu səbəbdən biz bütün təhlillərimizdə büdcənin neftsiz vəziyyətini təxmin etməyə çalışırıq. Bu dəfə də məsələyə eyni prinsiplə yanaşaraq büdcəyə Neft Fondundan nəzərdə tutulan 6,0 milyard manatlıq transferti nəzərə almamağa və bununla neftsiz büdcəmizin imkanlarını real olaraq hər kəsə göstərməyə çalışacağıq.

***

Növbəti ilin büdcəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların xüsusi çəkisi 2015-ci ilin proqnoz göstəricilərinə görə 11,8%, 2014-cü ilin faktiki göstəricilərinə görə isə 12,5% çoxdur. Gəlin dediklərimizi konkretləşdirək:
2016-cı ilin büdcəsi gəlirlər üzrə aşağıdakı kimi formalaşacaq:
- Vergilər Nazirliyinin xətti ilə daxilolmalar - 6602,0 milyon manat;
ondan
• 4812,0 milyon manat qeyri-neft sektorundan daxilolmalar;
• 1790,0 milyon manat neft sektorundan daxil olan vergilər;

- Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar – 1590,0 milyon manat;
- Sair daxilolmalar – 312,0 milyon manat

Cəmi gəlirlər: - 8504,0 milyon manat
Neft Fondundan transfert: – 6000,0 milyon manat
Dövlət büdcəsinin ümumi gəlirləri: - 14504,0 milyon manat.

***

Gürcüstanın büdcəsini özünə istinad nöqtəsi seçənlər bilsinlər ki, 2015-ci ilə Gürcüstanın dəqiqləşdirilmiş Dövlət büdcəsinin gəlirləri dollar ifadəsində 3,2 milyardır ki, bu da bizim 2015-ci illə müqayisədə 2016-cı il üçün 25,1% azaldılmış Dövlət büdcəmizin dollar ifadəsində olan gəlirlərindən 4,3 dəfədən, Neft Fondundan 6,0 milyard manat transfer nəzərə alınmadan yerdə qalan büdcəmizdən isə 2,5 dəfə azdır. Dediklərimizin daha aydın olması üçün digər müqayisələr də göstərə bilərik. Məsələn, Azərbaycanın 2016-cı il üçün büdcəsinin gəlirləri əhalisinin sayı bizim əhalinin sayından 20 dəfə çox olan nüvə dövləti Pakistanın büdcəsinin gəlirlərindən cəmisi 2,6 dəfə azdır. Əhalisi əhalimizdən 3,3 dəfə çox olan Özbəkistanın büdcəsinin gəlirləri bizim büdcənin gəlirlərindən azdır. Yaxud başqa bir misal. Əhali və ərazi baxımından bizə yaxın olan Serbiyanın Dövlət büdcəsinin gəlirləri bizim 2016-cı il büdcəmizin gəlirlərindən 1,7 dəfə aşağıdır. Təbii ki, bu müqayisələrin sırasını genişləndirmək də olar.

***

Gələn ildə büdcənin xərcləri 4,8 milyard manat və ya 22,9% azalıb. Lakin buna baxmayaraq sosial təyinatlı xərclərin artımı proqnozlaşdırılır ki, bu da ölkə rəhbərliyinin sosial məsələlərin həllinə olduqca ciddi diqqət ayırdığının göstəricisi kimi qəbul edilməlidir. Rəqəmlərə diqqət edək: Sosial yönümlü xərclərin keçən ilin büdcəsi ilə müqayisədə 8,6%, cari ilin proqnoz göstəricilərinə nisbətən isə 0,7% artımı nəzərdə tutulur. Eyni zamanda, büdcədən elm, təhsil, sosial müdafiə-sosial təminat, mədəniyyət və idman tədbirlərinə xərclərin 2015-ci illə müqayisədə 2,2% artımı proqnozlaşdırılır. Ümumiyyətlə, Neft Fondundan 6000,0 milyon manat transferti nəzərə almasaq belə büdcənin gəlirləri (8504,0 milyon manat) onun sosialyönlü xərclərindən (5867,9 milyon manat) 2636,1 milyon manat və ya 44,9% çoxdur.

***

Büdcə xərclərimiz haqqında daha dolğun təsəvvür yaratmaq üçün onları bir qədər də detallaşdıra bilərik. Məsələn, Azərbaycanın 2016-cı il üçün xərcləri azalmış büdcəsində (2015-ci illə müqayisədə 22,9%) bir adama düşən xərc 1615 ABŞ dolları təşkil edir. Pakistanda bu rəqəm 218 dollardır - Azərbaycanda olduğundan 7,4 dəfə az. Özbəkistanda bu rəqəm 477 dollar təşkil edir. Yəni bizdəkindən 3,4 dəfə az. Bu xüsusda Serbiya da bizdən geridədir. Bu ölkənin büdcəsində adambaşına düşən xərc 1427 dollardır ki, bu da bizdəkindən 13,1% azdır.

***

Biz bu müqayisələrlə oxucularımızda "Başqa ölkələrdə necədir" sualına müvafiq müəyyən təsəvvürlər yaratmağa çalışdıq. Təbii ki, bu gün heç kəs Azərbaycanı onilliklər boyu ciddi iqtisadi inkişaf yolu keçmiş və buna uyğun əsaslı sənaye və kənd təsərrüfatı potensialına malik Avropa ölkələri ilə müqayisə etmək fikrində deyil. Lakin əsas olan odur ki, Azərbaycan hökuməti belə inkişaf yolunu özü üçün seçib və bunun da nəticəsində son illər ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafına nail ola bilib. Təbii ki, müəyyənləşdirilmiş böyük hədəflərə çatmaq üçün bir qədər zamana ehtiyac var. Qarşıdakı illərdə bizim əlimizdə kifayət qədər əsas olacaq ki, Azərbaycanı Avropa ölkələrinin hamısı il müqayisə edə bilək.

Sonda tam əminliklə deyə bilərik ki, dünyada baş verən iqtisadi təlatümlər fonunda Azərbaycanın 2016-cı il dövlət büdcəsi bütün reallıqları özündə əks etdirə bilib.




Fikrət Yusifov
"Ekonomiks" BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor