Bütün hərbi qulluqçuların toxunulmazlığı ləğv oluna bilər

18 Sentyabr 2015 14:56 (UTC+04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qanunun 30-cu maddəsindən "Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz" cümlələri çıxarılır. Onun əvəzinə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar" cümləsi əlavə olunur. Dəyişikliyin hərbi rütbəsindən və hərbi vəzifəsindən asılı olmayaraq bütün hərbi qulluqçulara şamil olunduğu bildirilir.

Layihə Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub və sentyabrın 30-da müzakirəyə çıxarılacaq.