Millət vəkili Qurban bayramındakı tətilə etiraz etdi: “3 qat artıq çalışmalıyıq”

21 Sentyabr 2015 11:33 (UTC+04:00)


AzNews.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Qurban bayramı ilə əlaqədar elan olunmuş tətil günlərinə münasibət bildirərkən belə deyib. Bildirib ki, Qurban Bayramında 9 gün rəsmi tətil edən ölkənin iqtisadiyyatı da, təhsili də normal axarda inkişaf edə bilməz: "Türkiyəni də tez-tez dünyanın böyüyən iqtisadiyyatı olaraq təqdim edəndə düşünürəm ki, bir Qurban Bayramında 9 gün rəsmi tətil edən ölkənin iqtisadiyyatı da, təhsili də normal axarda inkişaf edə bilməz. Problemlər, sıxıntılar başdan aşdığı bir durumda gərək idarəçilər insanlarda boş vaxt keçirməməyi, daha çox çalışmağı stimullaşdırsınlar".

F.Mustafa hesab edir ki, hər bir türk, hər bir müsəlman amerikalıdan, avropalıdan üç qat artıq çalışmasa, dəyişən bir şey olmayacaq: "Yenə də biri bizləri soyqırım törətməkdə suçlayacaq, digəri torpağımızı işğal edənin başını sığallayacaq".

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün - sentyabrın 24-ü, 25-i, 26-sı və 27-si qeyri-iş günləri olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az