“Əli Əliyev İsa Qəmbərlə şəkil çəkdirməklə tanınıb” – Etibar Hüseynovdan ağır cavab

23 Sentyabr 2015 15:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Etibar Hüseynov Azadlıq-2015" seçki blokunun həmtəsisçisi olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin ona qarşı dediyi səsləndirdiyi fikirlərə cavab olaraq deyib: "Əli Əliyev deyib ki, sən demə ötən seçkilərdə mənə, o cümlədən də İsa Qəmbərə qalib gəlib. Mən İsa Qəmbərə 2, Əli Əliyevə isə 4 dəfə səs çoxluğu il qalib gəlmişəm. Yaxşı, mən özümü kənara qoyuram. Axı siz İsa Qəmbərə də böyük səs faizi ilə məğlub olmusunuz. Hamı bilir ki, 2010-cu ildə ən ciddi müşahidəçi nəzarəti 15 saylı Yasamal birinci seçki dairəsində olub. Bəs elə idisə, nədən hörmətli Əli müəllim bir dəfə də olsun saxtakarlıq faktını üzə çıxardıb məhkəməyə müraciət etmirdi? Səbəb çox sadədir. Çünki belə bir fakt yox idi.

O vaxtlar Əli Əliyev İsa Qəmbərin yanında dayanan, onunla foto çəkdirməklə tanınan biri olub. Son anda da bu adam efirdə İsa Qəmbərin əleyhinə danışmaqla hakimiyyətə yarınmaq, bununla da xal qazanmaq istədi. Amma əksi baş verdi. Nəticədə müxalifət düşərgəsində olan-qalan nüfuzunu da itirib məğlub oldu. Bu hamının bildiyi bir məsələdir.

Nüfuz çəkisinə görə Əli Əliyev nə mənimlə, nə İsa Qəmbərlə, nə də Ülvi Quliyevlə bir tərəziyə qoyulası biri deyil. İnanmırsa gəlsin onun qolundan tutub aparım Yasamala, Bakının istənilən rayonuna, o cümlədən də Azərbaycanın ən ucqar əyalətinə. Görək həmin rayonlarda kimi daha çox tanıyırlar və yaxud da bu adamı, ümumiyyətlə tanıyan varmı?

O ki, qaldı Ülvi Quliyevə… O xalqımızın fəxri, Azərbaycanın Qızıl Fonduna adını yazdırmış biridir. Onun tək tələbələrinin sayı sizin və o cümlədən İsa Qəmbərin də olan qalan tərəfdarlarından sayca qat-qat çoxdur. Ona görə də əmin olun ki, bu dəfə sizləri daha biabırçı məğlubiyyət gözləyir".

Qeyd edək ki, Əli Əliyev AzNews.az-a açıqlamasında bu ilki seçkidə namizəd olduğu dairədən yalnız İsa Qəmbəri özünə rəqib hesab etdiyini bildirib. Həmin dairədən namizəd olan Etibar Hüseynov və Ülvi Quliyevi isə ciddi rəqib saymadığını deyib. Belə adamların parlamentdə olmasının Azərbaycan dövlətçiliyinə həqarət olduğunu qeyd edib.

Sevinc Yasinqızı
AzNews.az