Sakinlər millət vəkilinə yollardan şikayətləndilər

23 Oktyabr 2012 08:12 (UTC+04:00)
Səbail rayonu 20-ci sahə adlanan ərazidə yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Sakinlər məsələ ilə bağlı rayon icra hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Buna görə də sakinlər problemlə bağlı 29 saylı Səbail Seçki Dairəsindən millət vəkili seçilmiş Fuad Muradova üz tutublar.

20-ci sahə Gülbala Əliyev küçəsinin sakinlərinin sözlərinə görə, müxtəlif dövlət qurumları tərəfindən Səbail rayonu ərazisindəki yollar təmir məqsədilə qazılsa da, bu vaxta qədər heç bir iş görülməyib.

Millət vəkili mövcud problemin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirib. F.Muradov qeyd edib ki, sözügedən ərazidəki yolların tezliklə təmir olunması üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə köməklik göstərəcək.

Elnarə Əlosmanqızı
AzNews.az