“Neftçi“ “Qarabağ“dan şikayət edəcək - ​Çingiz Abdullayev

26 Sentyabr 2015 22:32 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan çempionatının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirilən oyundan (1:1) sonra "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev bildirib.

O media nümayəndələrindən "Neftçi"nin "Qarabağ"ın Suraxanıda yeni inşa olunan arenasında necə oynadığını, özünü necə göstərdiyini yazmalarını xahiş edib:
"Əksər futbolçularımız gənclərdir. 90+2-ci dəqiqədə qapımıza təyin olunmuş penaltini qəbul edə bilmərəm. Açıq deyirəm, futbolçulara da demişəm ki, biz bu gün qalib gəlmişik. Özünüz də gördünüz. Futboldan yazırsınızsa, gözəl anlayırsınız ki, orada penalti yox idi. Mən yüz faiz qalib gəldiyimizi hesab edirəm".

Epizodun təkrarına baxdığını bildirən sədr bu məqamla bağlı klubun şikayət edəcəyini bildirib:

"Bəli, mütləq şikayət edəcəyik. Komanda oynamalıdır. "Neftçi" bu gün bura qonaq kimi gəlib sübut etdi ki, oynaya bilir. Bura gələndə bəziləri "sizin şansınız yoxdur. Görün, "Qarabağ" necə möhkəm komandadır. Avropa Liqasının qrup mərhələsində oynayır" kimi sözlər deyirdi. Doğrudan da yaxşı komandadır. "Qarabağ"ı da, "Qəbələ"ni də həmişə bəyənmişik. Amma bu gün "Neftçi" sübut etdi ki, Ağdam komandasından ən azı pis oynamır. İstəmirəm bu sözü deyim, amma deyəcəyəm: bu gün bəlkə də "Qarabağ"dan yaxşı çıxış etmişik. Bəlkə yox, 100 faiz belədir".