Elman Nəsirli: “Şimali Qafqaz Rusiyanın “Axilles dabanı”dır”

23 Oktyabr 2012 08:47 (UTC+04:00)
Prezident Yadında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli AzNews.az-ın suallarını cavablandırır:

- Rəsmi Kreml yenə də aqressivləşmiş görünür...

-Həqiqətən də Putinin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Rusiyanın həm daxili, həm də xarici siyasət kursunda bir qədər dəyişiklik və bir qədər sərtləşdirmə tendensiyası müşahidə olunmaqdadır. Putin kifayət qədər praqmatik siyasətçi olduğundan, təhlükəsizlik orqanlarından hakimiyyətə gəldiyindən təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verir. Xüsusilə də beynəlxalq konyukturanı hərtərəfli analiz edib çox ciddi adekvat addımlar atır.

- Xüsusilə də SSRİ-ni bərpa etmək istəyi baxımdan...

- Putin hələ hakimiyyətə gəlməmişdən əvvəl verdiyi müsahibədə "Avrasiya İttifaqı"nın yaradılmasından bəhs etmişdi. Bunu bir çox Qərb ekspertləri SSRİ-nin bərpasına cəhd kimi qiymətləndirmişdilər. Putin isə bu yanaşmalarla razılaşmamış və postsovet məkanında Avropa Birliyinin analoqu tipli "Avroasiya İttifaqı" yaratmaq niyyətində olduğunu bildirmişdi. Ancaq Rusiyanın tarixi keçmişi və ənənəvi situasiyalarda davranışını nəzərə alanda "Avroasiya İttifaqı"nın Avropa Birliyi modelində bir qurum olma ehtimalının çox zəif olduğu ortaya çıxır.

-Şimali Qafqazda həyata keçirilən antiterror əməliyyatlarını da bu kontekstdən dəyərləndirmək mümkündürmü?

-Bəli, əslində Rusiya geopolitik mövqelərini möhkəmləndirməklə məşğuldur. Bu kontekstdə də Rusiya Şimali Qafqazda da mövqelərini gücləndirir. Çünki Şimali Qafqaz Rusiyanın "Axilles dabanıdır", ən zəif nöqtələrindən biridir. Ona görə də bu istiqamətdə fəaliyyəti gücləndirib, sonra xarici siyasətini sərtləşdirmək niyyətindədir.

- Şimali Qafqaz məsələsinin bitməsi Putinin SSRİ siyasətini stimullaşdıran əsas amildir?

- "Xarici siyasət daxili siyasətin davamı və onun tamamlanmasıdır". Əgər daxildə vəziyyət gərgindirsə və münaqişə ocaqları varsa, hər an alovlanarsa, Rusiyanın ambisiyalarının reallaşması üçün münbit şərait yaranmır. Rəsmi Kreml beynəlxalq aləmdə antiterror məsələsinin kifayət qədər aktuallığından konyuktura məqsədilə yararlanır.

- "Avroasiya ittifaqı" planının həyata keçirilməsi baxımından ona qoşulma çağırışları da kifayət qədər sərtləşdirilib...

-Putinin "Avroasiya İttifaqı" ideyası hələ ki, reallaşmayıb, onun həyata keçirilməsi üçün müəyyən addımlar atılır. Amma Rusiya rəhbərliyi onun reallaşması üçün həm "qoğal", həm də "qamçı" siyasəti yürüdür və paralel şəkildə hər ikisindən bəhrələnmək istəyir. Lazım gəldikdə şirnikləndirmə siyasətini işə sala bilər. Şirnikləndirmə siyasəti effekt vermədikdə qamçı siyasətinə üstünlük verə bilər. Dəfələrlə çar Rusiyası və ondan sonrakı rejimlərin dövründə biz analoji yanaşmanın şahidi olmuşuq. İstənilən halda Rusiya istəyinə nail olmaq üçün bütün vasitələri işə salmaq istəyir. Amma hər şey böyük dövlətlərin, xüsusilə də ABŞ-ın bu kontekstdə hansı addımlar atmasından asılı olacaq.

- "Qamçılama" tədbirləri önə çıxarsa, beynəlxalq reaksiya necə ola bilər?

-Hesab edirəm ki, bu məsələdə beynəlxalq reaksiya kəskin olmalıdır. Çünki, bunun əksi bütün postsovet məkanında Qərbin həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada əldə etdiyi imkanların əldən çıxması olar. Eyni zamanda da bu, Rusiyanın geopolitik oyunda qələbəsi kimi dəyərləndirilə bilər. Mənə elə gəlir ki, biz Qərbin və xüsusilə də Amerikanın bu məsələdə mövqeyini gözləməliyik. Bu mövqe isə ABŞ-da noyabrda keçiriləcək seçkilərin nəticələrindən sonraya təsadüf edəcək. ABŞ-ın prezidentliyə respublikaçı namizədi Mittromni ölkəsinin dünyada bir nömrəli düşməninin Rusiya olduğunu dəfələrlə qeyd edib. Əgər Mitrtromni hakimiyyətə gələrsə, Rusiyanın yaxın xaric hesab etdiyi ölkələrlə münasibətləri elə də hamar yolla getməyəcək.

- Geopolitik maraqları kəskin toqquşan Rusiya və ABŞ-ın Dağlıq Qarabağ məsələsində ortaq nöqtə tapmaları necə, mümkündürmü?

-Amerika və Rusiya antiterror, yaxın və uzaqmənzilli silahların məhdudlaşdırılması və bəzi məsələlərdə ortaq məxrəcə gələ bilirlər. Dağlıq Qarabağ məsələsində də hər iki dövlətin ciddi fikir ayrılığı yoxdur, onlar sülh yolu ilə vəziyyətin dəyişməsini istəyirlər. Bu kontekstdə Vaşinqton-Rusiya münasibətləri üst-üstə düşür. Amerikada ikipartiyalı siyasi sistem hakimdir və hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, milli maraqlar hər şeydən üstündür. Çox təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi o siyahıda öndə gəlmir.

- İran, Suriya və digər məsələlərdə Rusiya müəyyən mərhələyə qədər inad göstərir. Proseslər başa çatdıqdan sonra isə sadəcə susur...

-Dünyanın bütün regionlarında Amerikanın ümumi maraqları var. Amma konkret regionlarda onun həyati maraqları var və həyati maraqlar tələb olunan yerdə ABŞ güc tətbiq edir. Qarabağ məsələsində ABŞ bəyanatlardan o tərəfə getmirsə, deməli hələ ki, onun həll məsələsi xarici siyasətində prioritet deyil.

- İl başa çatmaqdadır. Əvvəlki illərlə müqayisədə bu il Qarabağ məsələsində aktivlik müşahidə olunmadı. Sizcə, Putin hakimiyyətinin bu məsələdə sükutu SSRİ-nin bərpası planının tərkib hissəsi deyil ki?

-Sükutun müşahidəsi o anlamı vermir ki, Putin prinsip etibarilə status-kvonun dəyişdirilməsi ilə bağlı hansısa siyasət müəyyənləşdirməyib. Bu vəziyyət hardasa onun istəyinə uyğundur. Putin Administrasiyası Ermənistanda-Gümrüdəkı 102-ci hərbi bazasında olan 30 hərbi obyektdən 10-u haqqı ödənilmədən onlara verib. Hesab edirəm ki, Putin indiki halda intensivlik deyil, daha çox kölgədə qalma taktikası seçib, amma mahiyyət dəyişməyib. Son dərəcədə fəallıq göstəriləndə nəyə nail olmağa çalışılırdısa, passivlik dövründə də Rusiya Qarabağ siyasətində ona nail olmaq istəyir. Sükut da məqsədyönlüdür, xaotik vəziyyət də yoxdur.

- Rusiyanı Ermənistanla Fövqəladə Mərkəz yaratmağa vadar edən amil nə olub?

-Bu ekstremal vəziyyətlərdə, fövqəladə halların yarandığı durumlarda müdaxilə anlamına gəlsə də burada siyasi motivlər daha çox özünü göstərir. Rusiya əvvəlcə hərbi bazaları Ermənistanın istifadəsinə verir, ardınca da belə bir mərkəz yaradılır. Bu əzələ nümayişi siyasətidir və əslində Rusiya bununla mesaj verir ki, münaqişənin hərbi yolla həllinə cəhd etməyin mənası yoxdur. Azərbaycan dövləti də bütün bu reallıqları dərk edir və bu reallıqlardan da çıxış edərək, həm iqtisadi, həm siyasi, həm də hərbi mənada davamlı şəkildə güclənməkdədir. Eyni zamanda da beynəlxalq konyukturanı, hərbi güc və şəraiti nəzərə alıb formalaşan siyasi prosesə uyğun davranış taktikasını seçib.

Gültəkin Qəhrəmanlı
AzNews.az