“Şeyx özü İranın dini liderini təqlid edirsə, başqasından nə gözləyək?” – Elşad Miridən sərt ittihamlar

29 Sentyabr 2015 12:13 (UTC+04:00)

Bununla əlaqədar "Dini etiqad azadlığı haqqında" Qanuna və "Kütləvi informasiya vasitələri haqqında" Qanuna dəyişikliklər ediləcək. Belə ki, "Dini etiqad azadlığı haqqında" Qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti orqanı) edilməsi nəzərdə tutulan əlavəyə görə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək. Bundan başqa, din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kurslarını təşkil edəcək. Həmçinin qanunda ediləcək dəyişikliyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunacaq.

Bəs bu qanunlara edilən əlavələr nələri dəyişə bilər?

AzNews.az bu sualla ilahiyyatçı-alim Elşad Miriyə müraciət edib. O, bildirib ki, dinlə bağlı hələ də problemlər movcud olduğundan qanuna dəyişikliklər edilir: "Dinlə bağlı heç bir problem olmasaydı, hər şey öz qaydasında davam etsəydi belə bir məsələ gündəmə gətirilməzdi. Həqiqətən bəzi bölgələrimizdə, eləcə də Bakının özündə müəyyən problemlərin olduğu müşahidə olunur. Bu danılmaz bir faktdır. Bu müşahidə də heç də ürək açan deyil. Bunun nəticəsində də dövlət özünü və vətəndaşlarını qorumaq üçün belə bir addım ata bilər. Yəni dövlət özünün qorumaq mexanizmini işə salıb bundan istifadə edir".

Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinə bağlı olan qurumların etimadı doğrultmadığını deyib: "Faktiki olaraq ölkədə iki qurum Qafqaz Müsəlmanları İdarəsinə bağlı olan Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsi fəaliyyət göstərir. Demək ki, hər iki qurum indiyə qədər istənilən və tələb olunanları doğrultmadığı üçün belə bir addım atılır. Mən kadrların yetişdirilməsi üçün belə addımlar atılmasının tərəfdarıyam".

Bəs bu kadrları kimlər yetişdirəcək?



İlahiyyatçı-alim əsas məsələnin kadrların yetişdirilməsi olduğunu vurğuladı: "Bu gün din məsələsi elədir ki, həqiqətən bəzən kor təbii şəkildə bir çox məsələlər qəbul edilib onun arxasınca gedilir. Məsələnin birinci özünü araşdırıb düzgün mütaliə etdikdən sonra buna əl atmaq lazımdır. Çünki ölkənin şeyxi Allahşükür Paşazadənin özü qeyd edir ki, mən İranın ali dini liderini təqlid edirəm. Belə olan halda niyə azərbaycanlı dindar Şeyxülislama və ya hər hansı idarəyə inanıb güvənməli, onların dedikləri ilə oturub durmalıdır?

Ölkəyə rəhbərlik edən dini lider bunu deyirsə, digərlərindən nə gözləmək olar? Ona görə də məsələyə bir az daha dərindən yanaşmaq lazımdır. Dindarlarla bağlı hansısa yeni işlər görülməli və yaxud da yeni dindarlar düzgün yetişdirilib sonra təqdim olunmalıdır".


Elşad Miri əlavə edib ki, dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı rəyi müvafiq icra hakimiyyəti orqanı verə bilməz: "İcra hakimiyyətlərində rəy verə biləcək səlahiyyətli adam olmur. Rəy vermək üçün bu gün faktiki olaraq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində belə bir şöbə fəaliyyət göstərir. Həmin şöbədə də bu məsələ ilə bağlı peşəkar insanlar işləyir. Onlar qərar verirlər. İcra hakimiyyətindəki orqan isə buna qərar verə bilməz. Sadəcə həmin qurumun verdiyi rəy əsasında onlar öz fikirlərini formalaşdırıb hansısa nəticəyə gələ bilərlər. Çünki icra hakimiyyəti orqanında bizim o qədər kadrımız yoxdur ki, bütün ktabları oxuyub rəy bildirə bilsin. Amma düzgün şəkildə maarifləndirmə işi aparamaqla nəsə əldə eləmək olar."

Sevinc Yasinqızı
AzNews.az