Aksiyalar zamanı saxlanılan şəxslərlə görüş

23 Oktyabr 2012 09:39 (UTC+04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər.

E. Behbudov APA-ya bildirib ki, onlar orada saxlanılan 13 nəfərlə görüşüblər: "Onlardan 7-si oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilən razılaşdırılmamış aksiya zamanı saxlanılan şəxslər idi. Onların barəsində cinayət işi başlanılıb və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Lakin bu gün dindirmə üçün polis idarəsində gətirilmişdilər. Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı".

E. Behbudov bu gün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Yerində də monitorinq keçirdiklərini deyib: "Orada 22 nəfər saxlanılır. Onlardan 13-ü oktyabrın 20-də Bakıda keçirilən razılaşdırılmamış aksiya zaman həbs olunub. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Lakin saxlanılan zaman təzyiqlə üzləşdiklərini bildirilər. İsa Qəmbərin orada saxlanılan oğlu Turqut Qəmbər mənə bildirdi ki, dünən anası Aidə xanımın ad günü olub. Mən də rəisdən xahiş etdim, yanımda şərait yaratdılar, Turqut anası ilə telefonla danışıb təbrik elədi".


AzNews.az