Hacı İbrahim: “Adam bu qədər əmlakını qoyub xaricə gedər?”

29 Sentyabr 2015 13:19 (UTC+04:00)

İddia olunur ki, bu açıqlama Hacı İbrahimin Azərbaycandan çıxışını təmin etmək üçün atılmış addımdır.

Nehrəmlinin açıqlamasına görə Çin şirkəti onun "Xəzər adaları" layihəsinin bir adasına ilkin olaraq 3 milyard dollar vəsait cəlb edəcək, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq.

Əslində isə Hacı İbrahimin başqa planlar qurduğu iddia olunur. Bildirilir ki, o, bununla ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə çalışır.

Məlum olduğu kimi Azərbaycan Beynəlxalq Bankına borcu olan digər kredit oliqarxları kimi "Avesta Konserni" MMC-nin prezidenti Hacı İbrahim Nehrəmlinin də ölkədən çıxışı məhdudlaşdırılıb.

AzNews.az xəbər verir ki, İbrahim Nehrəmli məsələ ilə bağlı Modern.az saytına deyib ki, bunların hamısı yalandır:

"Mən bir çox mətbuat orqanlarını özümə yaxın buraxmıram, açıqlama vermirəm. Ona görə də ağıllarına gələni yazırlar. Bunu yazmaqla məni şantaj etdiklərini düşünürlər. Mən bunların heç birinə fikir vermirəm".

Hacı İbrahim Nehrəmli "Doğurdanmı Azərbaycandan getmək fikriniz var" sualını "qətiyyən ola bilməz" deyə cavablandırıb:

"Malik olduğum hər şey Azərbaycandadır. Məgər adam bu qədər əmlakını qoyub xaricə gedərmi? Mənim xaricdə nəyim var ki?!"

AzNews.az