“İran konstitusiyasına əməl etmək niyyətindəyəm“

23 Oktyabr 2012 09:46 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejad Evin həbsxanasını ziyarət etmək üçün Ədliyyə Nazirliyinin sözçüsü və ölkənin baş prokuroru Qulamhüseyn Möhsüni Ejeiyə cavab yazıb.

APA-nın "Press TV"yə istinadən məlumatına görə, M. Əhmədinejad onun həbsxanaya buraxılmamasının doğru olmadığını yazıb. Məktubda bildirilib ki, İran Konstitusiyasına əsasən, prezidentin vəzifəsini icra etməsi üçün Ədliyyə Nazirliyindən icazə almağa ehtiyac yoxdur: "Siz məktubunuzda qeyd edibsiniz ki, prezident həbsxananı ziyarət etməsi üçün Ədliyyə Nazirliyindən icazə almalıdır və mənim istəyimlə razılaşmadınız. Xatırladıram ki, Konstitusiyada prezidentin icazə almasını tələb edən qanun yoxdur. Mən İran Konstitusiyasına tam əməl etmək niyyətindəyəm".

Qeyd edək ki, M. Əhmədinejad həbsdə olan mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfikirə baş çəkmək istəyib. Bununla bağlı ölkənin Ədliyyə Nazirliyinə məktub yazan prezident həbsxana ziyarətinin təşkil edilməsini tələb edib. Lakin nazirliyin mətbuat xidmətindən M. Əhmədinejada müsbət cavab verilməyib. Ona bildirilib ki, prezidentin həbsxanaya baş çəkməkdən daha mühüm işləri var.


AzNews.az