General Mehmandarovun 160 illik yubileyi keçirilməsi haqqında - Sərəncam

29 Sentyabr 2015 19:06 (UTC+04:00)

2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur. General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.

Sərəncamda qeyd olunur ki, gənc nəslin azərbaycançılıq məfkurəsinə uyğun, vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyi Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.