Beş ilin “Ən fəal deputatları” - SİYAHI

30 Sentyabr 2015 12:56 (UTC+04:00)

AzNews.az modern.az-a istinadən xəbər verir ki, sorğu nəticəsində ötən 5 ilin ən fəal deputatları müəyyənləşdirilib.

Jurnalistlərin 4 nominasiya ("Plenar iclaslarda ən fəal deputat", "Seçici hüquqlarını müdafiə edən ən fəal deputat", "Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat", "Azərbaycanı beynəlxalq təşkilatlarda ən fəal təmsil edən deputat") üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akreditasiya olunan 50 jurnalist iştirak edib:

"Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. İndi isə dördüncü çağırış Milli Məclisin fəaliyyəti sona çatmaq üzrədir və bu ilin noyabrında növbəti parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən 5 ilin ən fəall deputatlarını cəmiyyətə təqdim edək.
Əslində, bu, həm də deputatlarımızın bir daha cəmiyyətə tanıdılması, yaxşı mənada deputatlar arasında rəqabət mühitinin yaradılması və jurnalistlələ deputatlar arasında sıx əməkdaşlığa xidmət edən bir layihədir".

Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 3 nominasiyada, "Seçici hüquqlarını müdafiə edən ən fəal deputat", "Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat", "Azərbaycanı beynəlxalq təşkilatlarda ən fəal təmsil edən deputat" nominasiyaları üzrə qalib olub.

Digər deputatlar bir nominasıya üzrə "5 ilin ən fəal deputatı" adını qazanıblar.

Beş il ərzində "Plenar iclaslarda ən fəal deputat" nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Məlahət İbrahimqızı, İqbal Ağazadə, Zahid Oruc və Sabir Rüstəmxanlı olub.

Bu nominasiyanın qalibləri dördüncü çağırış Milli Məclis dövründə plenar iclaslarda gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

"Seçici hüquqlarını müdafiə edən ən fəal deputat"nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov və Elmira Axundova olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 5 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.

"Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat" nominasiyasının qalibləri Musa Quliyev və Əli Hüseynli olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 5 ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.

"Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat" nominasiyasının qalibləri isə Bahar Muradova, Fuad Muradov, Azay Quliyev və Rövşən Rzayevdir. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 5 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

Sorğunun nəticələrindən göründüyü kimi Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 3 nominasiya, "Seçici hüquqlarını müdafiə edən ən fəal deputat", "Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat", "Azərbaycanı beynəlxalq təşkilatlarda ən fəal təmsil edən deputat" nominasiyaları üzrə qalıb olub.

Aqil Aslan bildirib ki, Mehriban Əliyeva yeganə deputatdır ki, 3 nominasiya üzrə jurnalistlərin səsini qazanıb:

"Parlament jurnalistlərinin böyük əksəriyyətinin qənaətincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, Heydər Əliyev Fondunun rəhbəri kimi bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir.
Həmçinin 2013-cü il mayın 7-də Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə "Amnistiya haqqında" qanun layihəsi qəbul olunub və bu amnistiya aktı 9 min nəfərə şamil olunub.
Birinci xanım ölkəmizi beynəlxalq tədbirlərdə də fəal təmsil edib ki, parlament jurnalistləri bunu da yüksək qiymətləndiriblər".