Xoşqədəmin verilişləri bağlandı - Yenilənib

30 Sentyabr 2015 16:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, MTRŞ-ın yaydığı məlumatda "Səni axtarıram" və "Sən tək deyilsən" verilişlərin bağlanma səbəbləri açıqlanıb. Məlumata görə, proqramlarda sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq "ANS" televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən – 19.00-dək yayımlanan "Sən tək deyilsən" proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan "Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.


***
"Xoşqədəm Hidayətqızının müəllifi olan "Səni axtarıram" verilişinin dayandırılması həqiqətdir".

Bunu AzNews.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib. O, bildirib ki, hazırda bununla bağlı müzakirə gedir. Yaxın dəqiqələrdə verilişin dayandırılmasının səbəbi açıqlanacaq.

***

Bu gün Milli Teleradio Şurasının növbəti iclası keçirilir.

AzNews.az-ın xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi məlumata görə, hazırda davam edən və əsasən teleradio verilişlərinin keyfiyyətinin müzakirəsinə həsr olunmuş iclasda TV proqramları ilə bağlı bəzi vacib qərarlar qəbul edilib.

Həmin qərarlardan biri müəllifi Xoşqədəm Hidayətqızı olan "Səni axtarıram" verilişi ilə bağlı olub. MTRŞ son aylar ANS-dən yayımlanan bu verilişin bağlanmasına qərar verib. Səbəb kimi verilişdə etik normaların pozulması göstərilib.

İclasın nəticələri barədə əlavə məlumatlar verəcəyik.