Alternativ xidmətin Azərbaycan modeli

23 Oktyabr 2012 11:42 (UTC+04:00)
"Alternativ xidmət haqqında" qanun layihəsi barədə xeyli müddətdir müzakirələr gedir. Sözügedən qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənsə də qəbul olunub-olunmaması bəlli deyil.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzininn rəhbəri Cəsur Sümərinli hesab edir ki, qanunla bağlı məsələ xeyli müddət əvvəl gətirilsə də, onun təkmilləşdirilməsi istiqamətində ciddi addım atılmayıb: "6 il bundan öncə hazırlanmış layihə dəyişilməmiş saxlanıb. Halbuki ötən dövrdə ölkədə, regionda və ümumilikdə dünyada müəyyən ciddi dəyişikliklər olub və onların bu qanun layihəsində nəzərə alınması qaçılmaz idi".

O bildirib ki, psixi cəhətdən problemli şəxslərin alternativ xidmət keçməsi və belə insanların hərbi xidmətə aparılması qanunsuzdur. Qanunun Azərbaycanda tətbiq olunacağı əhali qrupunun həddən artıq az olduğunu vurğulayan ekspertin fikrincə, bura yalnız cinsi azlıqlar, psixoloji problemli şəxslər aiddir.

C.Sümərənli qeyd edib ki, "Alternativ xidmət haqqında" qanun layihəsini hazırlayan işçi qrupu MDB-yə daxil olan ölkələr, xüsusilə Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan, habelə Almaniya, Fransa, Niderland, Portuqaliya, Danimarka və digər ölkələrin qanunvericilik aktlarına istinad edib.

Onun sözlərinə görə, qanunun hazırlanmasında Asiya modeli təcrübəsinə daha çox istinad olunması və eyni zamanda ölkənin bir sıra özəlliklərini nəzərə alaraq, onun hərbi ilə qatışıq bir formasının yaradılması vacibdir: "Qanun hazırkı şəkildə qəbul olunsa, ondan istifadə edəcək vətəndaşların sayı çox az olacaq, başqa sözlə, bu qanun mövcud problemlərin həllinə adekvat olmadığından ondan istifadə də məhdud olacaq.

Amma əgər Asiya modeli əsas götürülsəydi, xüsusilə də ailə vəziyyətinə görə bu qanundan istifadə etmək istəyənlərin sayı 10 minlərlə ola bilərdi. Aydındır ki, vəziyyətin belə olması Silahlı Qüvvələrin komplektləşdirilməsinə də ciddi ziyan vurardı".

Vəziyyətdən çıxmağın iki mühüm nümunəsi olduğunu vurğulayan ekspert hesab edir ki onların hər biri Azərbaycan reallığına uyğundur: "Birincisi, Gürcüstan yoludur ki, ona əsasən müəyyən rəsmi vəsaiti ödəməklə hərbi xidmətdən müvəqqəti və ya birdəfəlik azad olmaq. Bunun üstünlüyü odur ki, ödənilən vəsaitlər Silahlı Qüvvələrin şəxsi heyətinin sosial təminatının güclənməsinə səbəb olur. Gürcüstanda son illərdə bu istiqamətdə ciddi nailiyyətlərə imza atılıb.

İkincisi, alternativ xidmət keçmək istəyənlərin təhlükəsizlik və müdafiə sektorunda mülki vəzifələrə, işlərə göndərilmədir. Bu gün Azərbaycanın hərbi-siyasi rəhbərliyinin qarşısında duran əsas öhdəliklərdən biri də hərbi vəzifələri, xüsusilə də texniki heyəti tədricən mülkilərlə əvəzləməkdir. Bu, NATO standartlarının tələb etdiyi bir prosesdir. Müəyyən dövrdə alternativçilərin Silahlı Qüvvələrdə mülki vəzifələri (texniki məsələlər, aşpazlıq, təmizlik işləri, tibb sahəsi və s.) əhatə etməsi əslində "bir güllə ilə iki dövşan vurmaq" effekti yaradardı. Həm vətəndaşlar alternativ xidmət keçər, həm də dövlətin təhlükəsizlik və müdafiə sektorunun işi daha da səmərəli olardı".

Gültəkin Qəhrəmanlı
AzNews.az