“Mirşahin iclasda muma, indi isə aslana çevrilib” - MTRŞ

1 Oktyabr 2015 15:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov "Facebook" hesabında yazıb.

O, Mirşahin Ağayevi işlətdiyi ifadələrə görə məhkəməyə verilə biləcəyini qeyd edib: "Hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr yaxşı olardı. Məsələn, Mirşahin Ağayev anspress.com saytına açıqlamasında belə deyib: "Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla".

İndi bu, sözdən yapışıb onun özünü məhkəməyə vermək olarmı-olmazmı? "Bu, böhtandımı, deyilmi? Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan yayımçı və onun məsul şəxsləridir, aparıcı yox.

Bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mirşahin yəqin ki, yaxşı bilir. Şuranın iclasında daha sərt qərar verilməsin deyə muma dönmək, məqsədə nail olduqdan sonra isə aslana çevrilmək müəyyən bir xarakterin göstəricisi olsa gərək".