MTRŞ sədrindən xəbərdarlıq: “Namizədlərin təşviqatından şou düzəltmək olmaz”

2 Oktyabr 2015 12:59 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib. Şura sədri bildirib ki, parlament seçkiləri ciddi məsələdir: "Təşviqat prosesi zamanı hər zaman şoular olur. Çox istərdik ki, bu şoular olmasın.

Ümumiyyətlə, seçkilərə həsr olunmuş ümumi xarakterli verilişlərlə namizədlərin təbliğatına həsr olunmuş verilişlər bir-birindən ayrılmalıdır. Namizədlərə təbliğatlarını aparmaq üçün 10 dəqiqənin ayrılması düzgün deyil. Seçki qanunvericiliyinə uyğun olaraq normalar müəyyənləşdirilməlidir. Həmçinin regionlarda televiziya və radio kanallarında namizədlərin təbliğatının aparılması, namizədlərin bu televiziya və radioların imkanlarından istifadə etməsini zəruri sayıram".

Nuşirəvan Məhərrəmli seçki prosesində mətbuatın rolunun vacibliyini vurğulayıb.

Sədr indiyə kimi namizədlərin təşviqatı ilə bağlı televiziya kanalları barədə hər hansı şikayətin şuraya daxil olmadığını deyib.

Sevinc Yasinqızı