Paytaxta iri yük avtomobilləri girməyəcək- Qadağa

23 Oktyabr 2012 12:26 (UTC+04:00)
Yaxın gələcəkdə Bakıya iri tonnajlı yük avtomobillərinin daxil olması tamamilə qadağan edilə bilər. Bu barədə APA-ya Nəqliyyat Nazirliyindən bildirilib.

Nazirlikdə qeyd ediblər ki, bu addım həm şəhərdə nəqliyyatın hərəkətinə maneə yaratmamaq, həm də yol örtüyünün qorunması məqsədi daşıyır: "İri yük avtomobilləri, o cümlədən TİR-lər şəhərdə nəqliyyatın hərəkətinə maneə törədir, üstəlik yol örtüyünə ziyan vurur".

Vəziyyətdən çıxış yolu olaraq iri yük avtomobillərinin şəhərə daxil olmasının qadağan edilməsi və onların gətirdiyi yükün şəhər daxilinə nisbətən kiçik yük maşınları ilə daşınması qəbul edilib. Bu məqsədlə paytaxtın müxtəlif girişlərində yük terminalları tikiləcək ki, yük maşınlarının gətirdiyi yüklər burada boşaldılaraq daha kiçik avtomobillərə yüklənəcək və şəhərə daşınacaq. Hələlik şəhərin girişlərində neçə terminalın tikiləcəyi bilinmir, amma mənbə bildirib ki, bunlar Bakının şimal və cənub girəcəyində tikiləcəyi dəqiqləşib.

AzNews.az