Pensiyaları “Azərpoçt”-dan da almaq mümkün olacaq - EKSKLÜZİV

23 Oktyabr 2012 15:45 (UTC+04:00)
"Gələn ildən Azərbaycanda əhali pensiya və əmək haqlarını "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yerli poçt şöbələrindən əldə edə biləcək. Artıq bu işə pilot olaraq Lerik rayonunun ucqar dağ kəndində başlanılıb və hazırda 10 nəfər bu rayonun sakini "Azərpoçt"un plastik kartları vasitəsilə öz pensiyasını alır".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərpoçt" MMC-nin baş direktorunun müavini Sübhan Kazımov AzNews.az-a müsahibəsində bildirib ki, hazırda bu istiqamətdə müvafiq danışıqlar aparılır.

Hazırda "Azərpoçt"-un 5 mindən çox plastik kartının olduğunu diqqətə çatdıran S.Kazımov deyib ki, indi Bakı, Gəncə və digər şəhərlərdə insanlar artıq pensiyalarını "Azərpoçt"un plastik kartı ilə alır. Onun sözlərinə görə, "Azərpoçt"un texniki hazırlığı tam başa çatan kimi pensiyaların əhaliyə verilməsi prosesinə başlanılacaq.

S.Kazımov bildirib ki, Azərbaycanda bankların əksəriyyəti rayon mərkəzlərində fəaliyyət göstərirlər: "Amma hazırda "Azərpoçt"un 1500 poçt şöbəsi var ki, bunun da 1000-i kəndlərdə yerləşir. Bütün poçt şöbələri tam avtomatlaşdırılıb. Artıq "Azərpoçt"un bankomat, poçt-terminallar və plastik kartları mövcuddur. İndi əhalinin "Azərpoçt"un xidmətlərinə tələbatı günü-fündən daha çox artır. Çünki, "Azərpoçt"da yeni və əhaliyə daha yaxın olan xidmətlər mövcuddur".

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən yaradılmış hökumət ödəniş sistemlərindən yığılın vəsaitlərin 90-95 faizi, o cümlədən kommunal, cərimə və vergi vəsaitlərinin əksər hissəsi poçt vasitəsilə ödənilir.

Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edən "Azərpoçt" MMC-nin tarifləri dövlət tərəfindən tənzimləndiyini vurğulayan S.Kazımov həmçinin, qeyd edib ki, hazırda 290-a qədər avtonəqliyyatı olan "Azərpoçt" MMC gələn ilin əvvəllərinə kimi poçt daşınması üçün əlavə 40 ədəd yeni texnika alacaq.

Vasif Həsənli
AzNews.az