Prokurorluqdan Elçibəy açıqlaması

23 Oktyabr 2012 15:36 (UTC+04:00)


Azərbaycanın Baş Prokurorluğu eks-prezident Əbülfəz Elçibəyin məzarının açılması ilə bağlı məlumatlara münasibət bildirib.

Qurumun mətbuat xidmətindən AzNews.az-a daxil olan açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 237-ci maddəsinə əsasən meyitin qəbirdən çıxarılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər: "Ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələri meyitin qəbirdən çıxarılması istintaq hərəkətində iştirak edə bilərlər.

Cinayət-Prosessual qanunvericiliyində ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələrindən meyitin eksqumasiyası ilə bağlı razılıq alınmasına dair hər hansı bir müddəa nəzərdə tutulmayıb.

Qeyd edilən cinayət işi üzrə mərhum eks-prezidentin meyitinin qəbirdən çıxarılması zərurəti yaranarsa həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər".

AzNews.az