Yerevan məhv olan şəhərlər siyahısına düşdü

23 Oktyabr 2012 16:33 (UTC+04:00)
BMT-nin şəhərlərin vəziyyətinə dair hesabatında (State of the World`s Cities) sadalanan təqribən 600 iri şəhər arasında 28 şəhər məhv olmaq üzrədir, həmin şəhərlərin əhalisi 2025-ci ilədək azalacaq. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

BMT-nin hesabatı müxtəlif institutlar, şəhər planlaşdırılması və ətraf mühitin şəhərlərin çiçəklənməsinə hansı səviyyədə təsir etməsinə həsr edilib. Çiçəklənmə indeksi BMT mütəxəssisləri tərəfindən beş faktor əsasında hazırlanıb. Bu faktorlar məhsuldarlıq, yaşayış səviyyəsi, infrastrukturlar, ətraf mühit və sosial ədalətdir.
Rusiya postsovet məkanının bir çox şəhərləri ilə birlikdə siyahıya 11 şəhərlə liderlik edir.

Hesabata əsasən, Ermənistanın paytaxtı Yerevan şəhəri 24-cü yerdədir. Hesabatın müəllifləri qeyd edirlər ki, 1990-cı ildə Yerevanın əhalisi 1,175,000 nəfər, 2010-cu ildə 1,112,000 nəfər olub, 2025-ci ildə isə yerevanlıların sayı 1,143,000 nəfər təşkil edəcək. Bununla da Yerevan əhalisinin artımı 1990-2025-ci illərdə 2,72 faiz olacaq.

Siyahıda ilk üçlüyə Ukraynanın Dnepropetrovsk (1990-cı ildə 1,162,000 nəfər, 2010-cu ildə 1,004,000 nəfər, 2025-ci ildə 967,000 nəfər), Macarıstanın Budapeşt (1990 - 2,005,000; 2010 - 1,706,000; 2025 - 1,711,000) və Ukraynanın Donetsk (1990 - 1,097,000; 2010 - 966,000; 2025 - 941,000) şəhəri daxildir.

Siyahının sonuncusu Kubanın paytaxtı Havana şəhəridir (1990 - 2,108,000; 2010 - 2,130,000; 2025 - 2,094,000).

AzNews.az