Millət vəkili narkomaniyaya qarşı mübarizədən danışdı

6 Oktyabr 2015 18:10 (UTC+04:00)


Bütün dünyada olduğu kimi bizdə də narkotik maddələrdən istifadə edənlərin sayı ilə yanaşı narkotik maddə istifadə edən şəxslər arasında cinayət və inzibati xətaların törədilməsinə meyilliyin artması da müşahidə edilir. Buna qarşı ciddi mübarizə istiqamətlərindən biri kimi narkomaniyaya mübtəla olmuş şəxslərin müalicəsi, özəlliklə məcburi müalicə məsələsinə diqqətin daha da artırılması müsbət addımdır və inanırıq ki, qanunivericiliklə bu istiqamətdə dəyişikliklər müvafiq icra orqanı tərəfindən lazımi səviyyədə həyata keçiriləcək. Bu sözləri bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklərinm müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib. Cinayət törətmiş və ya inzibatı xəta törətmiş insanlar arasında narkotikdən istifadə halları aşkarlanarsa həmin şəxslərin cəzasını çəkməklə yanaşı narkomaniyadan xilas ola bilməsi üçün məcburi tibbi müalicələrə cəlb edilməsi ilə bağlı məsələlərin qanunvericilikdə öz həllini tapmasını dəstəkləyən və müsbət addım hesab edən millət vəkili Qənirə Paşayeva bildirib ki, təcrübələr onu göstərir ki, belə şəxslər müalicə almazlarsa və bu bəladan xilas ola bilməzlərsə, onlar cəzalarını çəkdikdən sonra təkrar cinayət və inzibati xətalar törətməyə daim meyilli olurlar və potensial mənbədirlər. Ona görə də qanunvericilikdə öz əksini tapan bu məsələnin humanizm göstəricisi olduğunu vurğulayan millət vəkili Q.Paşayeva ümimiyyətlə bütün istiqamətlərdə cəmiyyətdə narkomaniyaya qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini də vurğulayıb.