Bakıda VI Avropa Film Festivalı başlayır - Müsahibə

7 Oktyabr 2015 12:25 (UTC+04:00)


AzNews.az həmin müsahibəni təqdim edir.

- Artıq neçə ildir ki, payız aylarında Bakıda Avropa Film Festivalı keçirilir. Bu xoş ənənə bu il də davam etdiriləcəkmi?

- Siz düz qeyd etdiniz ki, Park Cinema kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə gerçəkləşdirdiyi Avropa Film Festivalının keçirilməsi xoş bir ənənəyə çevrilib. Festival Avropa kinosundakı yeniliklərdən xəbərdar olmağa, yeni filmlərlə tanış olmağa vəsilə olur, o zövqün formalaşdırılmasına kömək edir.

Son vaxtlar Azərbaycanda da kinoindustriyası dinamik şəkildə inkişaf etməyə başlayıb, yeni filmlər çəkilir, yerli tamaşaçı azərbaycanlı rejissor və aktyorları özü üçün kəşf edir, onları tanıyır. Əgər bir neçə il əvvəl Festival Avropa filmləri ilə tanış olmaq imkanı yaradan möhtəşəm mədəni hadisə olmaqla məhdudlaşırdısa, hazırda ölkə kinomatoqrafında irəliyə doğru addımların atılması bu festivalın həmçinin təcrübə mübadiləsi üçün də əlverişli meydança olacağını söyləmək olar. VI Avropa Film Festivalının Azərbaycan kinosunun özünün inkişaf dövrünü yaşadığı bir vaxtda keçirilməsi respublikamızın mədəni həyatında mühüm hadisə olacaq. Bizim Flame Tower-də yerləşən ofisimizdə bir neçə gün əvvəl Avropa İttifaqının siyasət, iqtisadiyyat, mətbuat və informasiya məsələləri üzrə şöbəsinin müdiri cənab Toralf Pils ilə VI Avropa Film Festivalının hazırlıq işlərinə həsr olunmuş görüşümüz keçirilib. Görüşün nəticəsi olaraq festivalın açılış mərasiminin oktyabrın 29-da keçirilməsinə dair razılıq əldə olunub. Görüşdə cənab Pils festival çərçivəsində göstəriləcək filmlərdə nümayiş olunacaq ideyaların, onların qəhrəmanlarının Azərbaycan tamaşaçısına ayrı-ayrı Avropa ölkələrinin vətəndaşlarını yaxından tanımağa imkan verəcəyini qeyd edib. Həmçinin bunun xalqların mədəni inteqrasiyasının genişlənməsinə imkan verəcəyini vurğulayıb.

- Festivalda hansı ölkələrin iştirakı gözlənilir?

- Hələlik 16 ölkə ilə razılıq əldə olunub. Festivalın proqramına Almaniya, Finlyandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstanda və eləcə də Azərbaycanda istehsal olunmuş filmlərin salınması planlaşdırılıb. Tamaşaçılara həm komediya, dram, fantastika, macəra janrlarında bədii filmlər, həm də animasiya və sənədli filmlər təqdim olunacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, danışıqlar hələ davam edir. Ola bilər ki, həm iştirakçı siyahısı, həm də festivalın proqramı dəyişsin.

- Festival çərçivəsində hansı Azərbaycan filminin nümayişi nəzərdə tutulub?

- 2015-ci il çoxlu sayda Azərbaycan filmləri ilə bizim hamımızı sözün yaxşı mənasında təəccübləndirib sevindirdi. Bəzi filmləri tamaşaçılar çox bəyəndilər, yaxşı kassa toplayan filmlər oldu. Tamaşaçı simpatiyası və gəlirin əldə olunması çoxlu sayda filmlərin çəkilməsinə şərait yaratdı. Mənə məlumdur ki, hazırda bir neçə bədii film çəkilir. Onlardan bəzilərinin çəkilişləri yekunlaşmaq üzrədir. Buna görə də festivalın proqramına hansı filmin daxil olacağını söyləmək hələlik çətindir. Festival çərçivəsində nümayiş etdiriləcək filmin oktyabrın ilk günlərində müəyyənləşəcəyi gözlənilir.

- Siz hazırda çoxlu sayda filmlərin çəkildiyini söylədiniz. Bu yaxşıdır, yoxsa pis, axı bəzi yerli filmlər xüsusi uğurları ilə öyünə bilmədilər?

- Kino incəsənətin bir növüdür. İncəsənətin özü isə insanların ürəyinə yol tapmalıdır. İncəsənətin dəyəri də məhz bundadır. Güclə onu kiməsə bəyəndirə bilməzsən, o ya qəlbə toxunur, ya da toxunmur. Kinoda da belədir. Əgər film tamaşaçıların xoşuna gəlirsə, deməli o prokatda daha uzun müddət qalacaq və daha çox qazanacaq. Əgər tamaşaçı filmi bəyənməyibsə, onda tam əks vəziyyətin şahidi olacağıq. Bunu bazar tənzimləyir.

Çəkilən filmlərin sayının çox olmasına gəlincə, deyə bilərəm ki, bu istənilən halda yaxşıdır. Ona görə ki, uğursuz təcrübənin özü də bir təcrübədir. O öz səhvlərin üzərində öyrənməyə, təkmilləşməyə imkan verir. Düşünürəm ki, yerli rejissor, prodüser və aktyrlar vaxt keçdikcə bizi daha keyfiyyətli işlərlə sevindirəcəklər.

- Əvvəlki festivallar "Park Cinema" kinoteatrlar şəbəkəsinin Park Bulvar ticarət və əyləncə mərkəzində yerləşən zallarında keçirilib. Amma sonuncu festivalın keçirilməsindən sonra sizin rəhbəri olduğunuz şəbəkənin yeni zalları, o cümlədən Flame Towersdə İMAX zalı istifadəyə verilib. Bu il festival Flame Towersdə də keçiriləcəkmi?

- Son il ərzində Park Cinema Zaqulba və Park Cinema Flame Tower fəaliyyətə başlayıb və bizim kinoteatrlarda yerlərin sayı 4 minə çatıb. Buna görə də biz bu il Festival çərçivəsində filmləri Park Bulvarda yerləşən zallarımızla yanaşı Metropark və Flame Towerdə yerləşən zallarımızda da nümayiş etdirməyi düşünürük. Bu festival çərçivəsində nümayiş olunacaq filmləri izləmək istəyənlərin sıralarını genişləndirməyə imkan yaradacaq. Qeyd edim ki, ötən il festivalı 6000-dən artıq tamaşaçı izləyib. Bütün arzu edənlər üçün giriş pulsuzdur.

Qeyd edək ki, Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu ilin oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda şəbəkənin beş kinoteatrı mövcuddur. Bu 13 zal və 2200-dən artıq yeri olan Park Bulvar, Metropark və Amburan-da fəaliyyət göstərən kinoteatrlar, eləcə də 2015-ci ildə istifadəyə verilmiş 4 zalı və 600 tamaşaçı tutumu olan Park Cinema Zaqulba, 1000 nəfər tamaşaçı tutumu olan 3D formatlı 6 zalı olan Park Cinema Flame Tower-dir. Park Cinema Flame Tower-dəki zallardan biri İMAX texnologiyası ilə təchiz olunub və Zaqafqaziya bölgəsində bu formatda olan ilk zaldır. Park Cinema kinoteatrlar şəbəkəsinin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar tətbiq olunur. Kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin avadanlığı quraşdırılıb.