Azərbaycan Dəmir Yollarından yeni qatarlarla bağlı - Xəbərdarlıq

8 Oktyabr 2015 13:52 (UTC+04:00)


Bunu AzNews.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

O, bildirib ki, sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün "Stadler Rail Group" şirkətində istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarları istismara verilib: "Bu marşrutla hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür, çəpərləmə işləri aparılır.

Bəzi hallarda Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarlarının marşrutlarına yaxın ərazidə yaşayan vətəndaşlar qadağan olunmuş yerlərdən keçməklə, kiçik yaşlı övladlarını nəzarətsiz qoymaqla, həm özlərinin həyatını təhlükə qarşısına atır, həm də Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik qatarının təhlükəsiz hərəkətinə mane olur.

Bu da son nəticədə elektrik qatarlarının hərəkətində ləngimələrə səbəb olur. Bu səbəbdən də sakinlər qeyd olunanlara əməl etməlidir:

- Piyadalar dəmir yollarını yalnız müəyyən edilmiş yerlərdən, körpülər və tunellər olmayan stansiyalarda dəmir yollarını keçid döşəmələri olan, habelə "Dəmir yolundan keçid" nişanları qoyulmuş yerlərdən keçməlidirlər.

- Yaxınlaşmaqda olan qataradək məsafə 400-metrdən az olduqda, qatarın qarşısından dəmir yolu xəttini keçmək olmaz.

- Relsin üstünə çıxmaq və ya onun üzərində oturmaq, tiyə və çərçivə relsi arasında dayanmaq qadağandır.

- Dəmir yollarına qatarların hərəkəti üçün təhlükə yarada bilən əşyalar qoymaq olmaz".

"Biz "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ölkə vətəndaşlarını bu məsələlərə daha məsuliyyətlə yanaşmağa, tələb olunan qaydalara əməl etməyə çağırıb.

Sevinc Yasinqızı