Boksçularımız növbəti mərhələdə

8 Oktyabr 2015 20:56 (UTC+04:00)

AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, boksçularımızdan ilk olaraq rinqə 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor çıxıb. Seçməmizin üzvü əlcəzairli Abdelkader Çadi ilə üz-üzə gəlib. Hər 3 raundda inamlı təsir bağışlayan L.Sotomayor 3:0 hesabı ilə qalib gəlib. Boksçumuz 1/4 final mərhələsində 2015-ci ilin Avropa çempionu rusiyalı Vitali Dunyavtsevlə qarşılaşacaq.

V.Dunyavtsev bu gün Böyük Britaniya nümayəndəsi Pat Makkormakı məğlub edib. L.Sotomayorla V.Dunyavtsev oktyabrın 10-da qarşı-qarşıya gələcək.

Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına qələbə ilə başlayıb. Amma bu, boksçumuza heç də asan başa gəlməyib. Millimizin üzvü Əlcəzairin digər təmsilçisi Çouaib Boulodiantsa döyüşdə 1-ci raundda 2 dəfə noqdauna düşüb. Amma ikinci hissədə özünə gələn A.Abdullayev bu dəfə rəqibi iki dəfə noqdauna salıb. 3-cü raunddan sonra hakimlər boksçumuz qələbəsini qeydə alıblar - 3:0.

Boksçumuzun 1/4 finaldakı rəqibi argentinalı Yamil Peralta Jara olacaq. Həmin görüş də oktyabrın 10-da keçiriləcək.

Bu gün axşam proqramında daha iki həmyerlimiz - Rüfət Hüseynov (49 kq) və Tayfur Əliyev (56 kq) rinqə çıxacaqlar. R.Hüseynov Hasanboy Dusmatovla (Özbəkistan), T.Əliyev isə İderkhuu Enhjarqalla qarşılaşacaq.