Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi

24 Oktyabr 2012 06:45 (UTC+04:00)
"Birlik-İnşaat" MMC-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Korrupsiyaya qarşı mübarizə idarəsində "Birlik-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq, əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıb.

Bundan başqa, "Birlik-İnşaat" MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Elman Tağıyev 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.

İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən "Birlik-İnşaat" MMC və "Həyan-E" MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.

İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş Elman Tağıyev və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzNews.az