BP Azərbaycanda neft hasilatını artıracaq

24 Oktyabr 2012 08:02 (UTC+04:00)
Azərbaycanda neft hasilatı ilə bağlı prezident İlham Əliyevin tapşırıqlarından sonra Dövlət Neft Şirkəti (ARDNŞ) ilə BP şirkəti arasında aparılan danışıqlarda neft hasilatının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

Bununla bağlı hazırlanacaq proqrama əsasən, 2013-cü ildə "Əsrin Müqaviləsi" çərçivəsində neft hasilatı 2012-ci il həddində, yəni 33 mln. ton, 2014-cü ildə isə 35 mln. ton səviyyəsində proqnozlaşdırılır. Sonradan, 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, neft hasilatının sabitləşməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından sonra bu məsələ Londonda ARDNŞ-in böyük nümayəndə heyəti ilə "BP Global" şirkəti arasında müzakirə edilib. Müzakirələrdə "Əsrin Müqaviləsi"nin Rəhbər Komitəsinin tərkibində yeni alt komitənin yaradılması qərara alınıb. Bu alt komitə müqavilənin operatoru üçün 2013-cü və 2014-cü illər, eləcə də 2014-2024-cü illər üzrə iş proqramı hazırlayacaq.

"Hazırda bu proqram ətrafında danışıqlar və müzakirələr aparmaq üçün BP şirkətinin üç vitse-prezidenti artıq Bakıdadır, onlar ARDNŞ ilə birlikdə bu proqram üzərində işləyirlər. Ekspertlərimiz bu proqramın yaxşı nəticələr verəcəyini bildirirlər", - deyə R.Abdullayev bildirib.

AzNews.az