Şeyx xalqı təbrik etdi

24 Oktyabr 2012 08:21 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə xalqı təbrik edib. İdarənin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə təbrikində bildirib ki, Qurban bayramı Peyğəmbər Həzrət İbrahim əleyhissəlam dövrünün yadigarı olaraq müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib və bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Təbrikdə daha sonra qeyd olunur ki, İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq: "Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları Vətənimizin taleyinin ən çətin anlarında bizə öndər olmuş millət atası Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun müdrik yolunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Şübhəsiz ki, dövlətimizin gün-gündən yüksələn iqtisadi qüdrəti, möhkəmlənən siyasi iradə və nüfuzu, milli-mənəvi dəyərlərin davamlı dirçəlişi Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır.

Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyərək, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün Allah-Təalaya dualar edirik.

Bu mübarək günlərdə Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin! Allah Qurban bayramımızı mübarək etsin!

AzNews.az