“Parabank” sədrindən prezidentə şikayət olundu

12 Oktyabr 2015 10:37 (UTC+04:00)

Şirvan şəhər sakini İqbal Mikayılov prezidentə müraciət edib. Müraciət müəllifi yazır ki, 2004-cü ildə təsis etdiyi və ötən ildən inkişaf etdirdiyi "İLHAM" MMC kəndli fermer təsərrüfatı bağlanmaq, məhv olmaq üzrədir: "İLHAM" MMC kəndli fermer təsərrüfatının fəaliyyətinin genişlənməsi, ölkəmizin iqtisadiyyatına töhfə verməsinə "Parabank"ın sədri Vəli Quliyev imkan vermir.

Vəli Quliyev bu ilin aprel ayından başlayaraq 5 ay ərzində məni Bakı və Şirvan şəhərləri arasında get-gələ saldı. Nə qədər girov istədisə təqdim etdim ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli əlavə kredit götürüm. Hər yerdən əli üzüldü, son bəhanəsi bu oldu ki, guya mən ötən ilin dekabr ayında götürdüyüm kreditin aylıq faizinin ödənişini gecikdirmişəm. Həmin gecikmə sırf Vəli Quliyevin ucbatından oldu. İyul ayından məni arxayın elədi ki, bu gün, sabah kreditini alacaqsan. Mən də arxayın olub aylığı yollamadım ki, yeni qrafik üzrə aylığımı ödəyərəm. Lakin Vəli Quliyev atası Eldar Quliyevə güvənərək heç bir qanunu, dövlət orqanlarını, struktrunu saymayaraq mənim kimi əzab-əziyyətlə, zəhmətlə təsərrüfat yaradan vətəndaşların hissiyyatı ilə oynayaraq kredit götürməyimə mane oldu".

İ.Mikayılov müraciətində yazır ki, "Parabank"ın de-fakto sahibi Eldar Quliyevdir və oğlu Vəli Quliyevi bankın idarə heyətinə sədr təyin edib: "Hörmətli cənab prezident, Vəli Quliyev cavan uşaqdır və atasının ərköyünü olmaqla cah-cəlal içərisində yaşayır. Günü kef məclislərində, xarici ölkələrdə istirahətlərdə keçən bu cavan uşağın Azərbaycan dövlətinin başçısı İlham Əliyevin yürütdüyü siyasətdən konkret olaraq xəbəri yoxdur. Bu adama hökumətin aqrar siyasəti heç maraqlı da deyil. Əgər Vəli Quliyev Azərbaycan dövlətinə sayğı ilə yanaşsaydı, mən bu gün "İLHAM" MMC kəndli fermer təsərrüfatını bağlamaq məcburiyyətində qalmazdım. Mən dəfələrlə Vəli Quliyevə 2015-ci ilin İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı ili" elan olunmasını desəm də heç əhəmiyyət vermədi. Mən mətbuat vasitəsi ilə "Parabank"ın sahibi Eldar Quliyevə müraciət etdim. Lakin oğlu Vəli Quliyevə arxa dayanan Eldar Quliyev müraciətimə cavab vermədi. Ən dəhşətlisi odur ki, bankların fəaliyyətinə nəzarət edən Mərkəzi Bank 3 aydır şikayət məktublarıma cavab vermir. Belə çıxır ki, Mərkəzi Bank "Parabank"ın sədrinin özbaşınalığına haqq qazandırır. Belə çıxır ki, "Parabank"dan nəyə görəsə hamı çəkinir".

İ.Mikayılov prezidentə müraciətində qeyd edir ki, sahibkarlığa kömək edən tapılmır: "Sizi tam əmin edirəm, əlaqədar qurumlar tərəfindən sahibkarlığa qəti şəkildə kömək edən yoxdur. Verilən güzəştli kreditlər yalnız özlərinə yaxın şəxslərə verilir. Sadə, mənim kimi sahibkarlar şikayət edəndən sonra cüzi kreditlər verilir. Böyük məbləğləri öz mənafelərinə uyğun şəkildə verirlər və Sizi aldadırlar. Son aylarda banklarda baş verən hadisələr də mənim qeyd etdiyimi təsdiq edir. Sizə müraciət etməyimin əsas səbəbi odur ki, bu gün banklarda özbaşınalıq, xaos, dərəbəylik hökm sürür. Bankların sahibləri xalqın pulu ilə o qədər sərvətləniblər ki, gözlərində heç kimi görmürlər, heç kimi saymırlar. Bankların əhaliyə zülm etməsi kulminasiya nöqtəsinə çatıb. Xüsusi ilə "Parabank"da şahidi oldum ki, məqsədləri insanları dövlətdən, şəxsən Siz İlham Əliyevdən narazı salmaqdır. Kimdir bu Quliyevlərin "krışa"sı ki, dövlətimizə əzələ nümayiş etdirirlər? Bu Quliyevlərin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında, qorunmasında hansı xidmətləri olub ki, bu qədər arxayınlıqla Bakının mərkəzində at oynadırlar. Mən şəxsən vətəndaş kimi prezidentimə, cənab İlham Əliyevə güvənirəm və əminəm ki, "Parabank"da üzləşdiyim imkanlı, milyonçu kişinin qanunları saymayan balasının layiqli cavabı veriləcək".
Musavat.com