“ Erməni nazirin bəyanatları sülh prosesinə zərbə cəhdidir”- REAKSİYA

24 Oktyabr 2012 08:26 (UTC+04:00)
"Ermənistanın Xarici İşlər Naziri Nalbandyan, təəssüf ki, bu ölkəyə bütün səfərini Azərbaycana həsr edib. Azərbaycanla bağlı bəyanatlar səsləndirərkən erməni nazir kim olduğunu və hansı ölkəni təmsil etdiyini unudur." Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elmar Abdullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Elman Abdullayevin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafı üçün Ermənistanın ortaya qoyacağı heç nəyi yoxdur. Buna görə də, erməni diasporu ilə bərabər Meksikaya təzyiq göstərməyə cəhd edir: "Nazirin bəyanatları təxribat, sülh prosesinə zərbə cəhdi kimi qiymətləndirilə bilər. Nalbadyana bir daha xatırladırıq ki, o, öz xalqının qanı üzərində hakimiyyətə gələn rəhbərliyi təmsil edir. Belələri insan haqlarından danışanda insan haqları ilə bağlı prinsiplərə hörmətsizlik kimi qəbul edilir".

Ermənistan rəhbərliyi erməni diasporundan tam asılı vəziyyətə düşdüyünü deyən XİN rəsmisinin fikrincə, Ermənistanın Xarici İşlər Nazirliyinin fəaliyyətini yalnız öz iflasını ört-basdır etməyə yönələn fəaliyyət kimi qiymətləndirmək olar: "Azərbaycanın xarici siyasəti isə real nəticəyə yönəlib və real strategiya üzərində qurulub".

Elnarə Əlosmanqızı
AzNews.az