Boksçumuz dünya çempionatının finalına vəsiqə qazandı

12 Oktyabr 2015 22:10 (UTC+04:00)

AzNews.az-ın Report-a istinadən məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizədə Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə üz-üzə gəlib.

Təmsilçimiz rəqibini texniki nokautla meglub edib. Məmişzadə finala vəsiqə qazanmaqla bəraber, 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Onun finaldakı rəqibi kubalı Yosbani Veyta olacaq.

60 kq çəkidəki Albert Səlimov braziliyalı Robson Konseysao ilə, 69 kq çəkidə yer alan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşəcək. Axşam proqramına təsadüf edəcək döyüşlərə Bakı vaxtilə saat 21:00-da start veriləcək. Qaliblər oktyabrın 15-də final görüşlərinə vəsiqə qazanacaqlar. Məğlublar isə yarışı bürünc medalla başa vuracaqlar.

Qeyd edək ki, ötən gün dünya çempionatında Azərbaycan boksçularından 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev bürünc medala sahib olub. O, yarımfinalda uduzub. Digər boksçulardan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb.