Bakıda beynəlxalq forum

24 Oktyabr 2012 09:53 (UTC+04:00)
Oktyabrın 28-30-da Bakıda "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forum keçiriləcək. Forumun təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur.

Fonddan Trend-ə verilən məlumata görə, forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir. 100-dən çox yerli, Avropa və dünya ölkələrindən olan iştirakçının qatılacağı forum ingilis dilində keçiriləcək.

Forum öncəsi hazırlıq proseslərində iştirak məqsədilə Azərbaycan Gənclər Fondunun əməkdaşları Polşanın Varşava şəhərində səfərdə olub, SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin Polşadakı rəsmisi Andriy Pavloviç və digər əməkdaşları ilə görüşüb, forumun təşkilati məsələlərini müzakirə ediblər.

Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Mərakeş, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak edəcəyi forum 3 paneldən ibarət olacaq. Panellərin mövzuları "Gənclər fəaliyyətdə" proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, həmin proqramının regiona təsiri və reallıqlar, gələcək perspektivlərdir.

Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar təqdimatlar keçirəcək, diskussiyaların nəticələrini müzakirə edəcəklər.

AzNews.az