14 ölkənin vokalçıları Bakıya gəlir
24 Oktyabr 2012 10:33 (UTC+04:00)
Oktyabr ayının 29-dan noyabr ayının 4-dək Mədəniyyət və Turizm Nazirliyinin və Bülbül Fondunun təşkilatçılığı ilə Bakı şəhərində Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, müsabiqə SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr edilib. Müsabiqədə 14 ölkədən (Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Türkiyə, Moldova, Bolqarıstan, Özbəkistan, İran, ABŞ, Monqolustan, Yaponiya) ümumilikdə 65 vokalçı iştirak edəcək. İfaçıların çıxışlarını Rusiyanın Xalq artisti, professor Sergey Leyferkusun sədrliyi ilə beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Qeyd edək ki, münsiflər heyətinə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Odessa Milli Operasının baş dirijoru Samuil Alexandru, Gut İmmling festivalının (Almaniya) bədii rəhbəri Cornelia Gabriele Maria fon Kerssenbrock, Flamand operasının baş dirijoru Dmitri Jurowski, Alexander Titel, Robert Theo Körner, Brukner Festivalının (Avstriya) bədii rəhbəri Hans-Joachim Frey, Los Anceles Operasının art direktoru David Lee Joshua Winograde, Tbilisi Opera və Balet Teatrının solisti Teymuraz Ququşvili, Kiyev Milli Operasının solisti Mariya Stefyuk daxildir.
Müsabiqənin püşkatma mərasimi oktyabrın 29-da saat 10:00-da Azərbaycan Dövlət Filarmoniyasında başlanacaq. Oktyabrın 30-da müsabiqənin I turu keçiriləcək. Sənət yarışmasının II turu 31 oktyabrda, III turu isə 3 noyabrda gerçəkləşəcək və həmin gün müsabiqəyə yekun vurulacaq.
Bahar Rüstəmli
AzNews.az