İlyas İsmayılov mitinqlərlə bağlı cərimələr layihəsini pislədi

24 Oktyabr 2012 11:27 (UTC+04:00)


Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklər layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov təqdim edib. O bildirib ki, Azərbaycanın hazırkı qanunvericiliyində qanunsuz toplantıların təşkilatçılarının inzibati tənbeh tədbirlərinə cəlb edilməsi nəzərdə tutulduğu halda, iştirakçılar heç bir məsuliyyətə cəlb olunmurlar.

Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Onu da qeyd edək ki, bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).

Müzakirələrdən sonra layihənin parlamentin növbəti plenar iclaşına çıxarılması tövsiyə olunub.

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Modern.az-a həmin layihənin, xüsusilə də sanksiya hissəsinin başadüşülən olmadığını deyib: "Etiraz aksiyası keçirmək hər bir şəxsin konstitusion hüququdur. Ona görə də bu hüquqa hörmət olunmalıdır. Aksiya iştirakçıları da bununla bağlı lazımi hakimiyyət orqanlarından müvafiq icazə almalıdırlar. Yəni hər şey qanun çərçivəsində olmalıdır. Məhz bu mövqedən çıxış edərək biz bir partiya olaraq həmişə icazəsiz aksiyaların keçirilməsinin, müxtəlif təbəqələri təmsil edən insanların həyatının təhlükəyə məruz qoyulmasının əleyhinə olmuşuq. Təbii, mövcud qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi zərurətini də başa düşür və bu təşəbbüsü normal qarşılayırıq. Amma konkret dəyişikliklərə gəlincə, düzü, onlardan tam təfərrüatı ilə xəbərim yoxdur. Dəyişikliklərlə bağlı məlumatları hələlik yalnız mətbuatdan oxumuşam. Həmin məlumatlardan isə görünür ki, həddən artıq yüksək cərimələrin tətbiqi təklif olunur".

İ.İsmayılovun sözlərinə görə, ümumiyyətlə, qanun yaradıcılığında onun tətbiq olunacağı cəmiyyətin iqtisadi-sosial durumu mütləq nəzərə alınmalıdır.
"Yəni, heç nə, necə deyərlər, "potolokdan" götürülməməli, hər şey konkret fakt və arqumentlərə söykənməlidir. Başqa sözlə, cəzaların cərimə ilə ifadə olunan məbləğinin bu cür fantastik həddə artırılması təklif olunursa, onların hansı kriteriyalara əsaslandığı mütləq bilinməlidir. İndiki halda isə təklif olunan rəqəmlərin nələrə əsaslandığı bilinmir. Odur ki, mövcud minimum əmək haqqının, maaşların, pensiya və təqaüdlərin miqdarını, eləcə də o cür aksiyalara çıxanların çoxunun işləmədiyini və sairəni nəzərə alaraq elə hesab edirəm ki, təklif olunan cəza onların sosial və maddi durumlarına adekvat deyil. Bu səbəbdən də, hər şey deyilən və ya yazılan kimi olsa, mən həmin layihənin ictimaiyyət tərəfindən qəbul olunacağına inanmıram".

AzNews.az