Bağlı qapı arxasında ölüm

24 Oktyabr 2012 11:40 (UTC+04:00)
Bakının Yasamal rayonunda 1952-ci il təvəllüdlü Tehran Şəmsəddin oğlu İsmayılovun yaşadığı mənzildə cəsədi aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinə bir nəfər kişinin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olaraq qapını daxildən açıblar.

Mənzilə baxış keçirilərkən zərərçəkmiş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan müayinədə 60 yaşlı Tehran İsmayılovun öldüyü məlum olub.

Elnarə Əlosmanqızı
AzNews.az