“Cavad xan” filminin yayımına niyə icazə verilmir?

24 Oktyabr 2012 12:27 (UTC+04:00)


"Ulusfilm" prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyov "Cavad xan" filimi ilə bağlı şok açıqlama verib :"Bu filmi 12 rayonda göstərdik. Digər rayonların icra başçılarına yazılı müraciət etsək də, filmin nümayişinə icazə vermədilər. Bu vaxta qədər "Cavad xan" filmini rejissorun yaşadığı Sumqayıtda belə göstərilməsi mümkün olmayıb. Ona görə də mən artıq o filmdən imtina etməli olacam".

Tarixi faktlar əsasında və vətənpərvərlik ruhunda ekranlaşdırılan "Cavad xan"ın nümayişinə kim mane olur?

"Ulusfilm"in rəhbəri AzNews.az-a filmin nümayişi ilə bağlı bəzi faktları açıqlasa da bəzilərini gizlətmək məcburiyyətində qaldı: " Bununla bağlı Azərbaycanın bütün rayonlarının icra başçılarına məktub ünvanlayıb. O cümlədən də Azərbaycanın xarici dövlətlərində olan səfirliklərinə yayımla bağlı məktub göndərilib. Sumqayıt da daxil olmaqla bir neçə şəhərin icra başçılarına isə şəxsən Mədəniyyət və Turizm Nazirliyi adından məktubla müraciət ünvanlanıb. Amma buna baxmayaraq, yenə də filimin yayımı üçün bizə yardımçı olmayıblar. Filimin yayımının qarşısını almaq üçün bir başa icra aparatlarına müraciət olunur. Filimin yayımına mane olurlar. Bu məsələdən filimin ssenari müəllifi, Xalq şairi Sabir Rüstəmxanlı da xəbərdardır. Şəxsən mənim adıma bu filimin yayımına mane olanlar yoxdur. Bunun səbəbi ilə maraqlandıqda icra başçıları deyirlər ki, filimin göstərilməsi üçün nə vaxt tapa, nə də təşkili ilə bağlı hər hansı şərait yaradırlar".

"Cavad xan" filminin nümayişindən bu günə kimi nə qədər maliyyə vəsaitinin yığılması ilə bağlı sualımıza şirkət rəhbərinin cavabı belə oldu: "Şirkət Mədəniyyət və Turizm Nazirliyi ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən nümayişdən gələn gəlirin 20 faizi nazirliyin, bir hissəsi şirkətin öz hesabına köçürülür. Müəyyən bir hissə var ki, onu bizim şirkət ancaq yol xərci kimi götürür. Biz biletləri bir manata da satmağa razıyıq. Amma buna yenə də rayon icra başçıları imkan vermir. Hansısa qüvvə "Cavad xan"a mane olur. Biz bu filimin nümayişi üçün şirkət qurduq, aparatura aldıq. Bu gün isə həmin şirkətin icarə pulunu verə bilmirik. Ona görə də ofisdən imtina etməli olduq".

"Cavad xan"ın rejissoru Rövşən Almuradlı isə filimin nümayişi ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayaq döydüyünü və hələ də istəyinə nail ola bilmədiyini dilə gətirdi: "Mən Sumqayıtda yaşayıram. Filimin nümayişi ilə bağlı Sumqayıt icra başçısına müraciət etdik. Dedik ki, "Cavad xan"ın nümayişi üçün bizə dəstək olun. Amma buna baxmayaraq, vətənpərvərlik mövzusundan bəhs edən film Sumqayıt şəhərində 3 il müddətində bir dəfə də yayımlanmadı. Bunun səbəbini icra başçısından soruşanda aldığımız cavab bu oldu: "Filimi göstərə bilmirik, baxarıq da, qaçmırsınız ki". Kino sənəti Azərbaycana hər hansı bir şadlıq evinin gətirdiyi gəlirdən çox qazanc gətirə bilər. Təəssüf ki, bizdə kinoya deyil, belə şeylərin təbliğinə şərait yaradırlar".

Bahar Rüstəmli
AzNews.az