Kreditlə də qurban kəsmək olar

24 Oktyabr 2012 12:31 (UTC+04:00)
Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bayram hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayaraq üç gün davam edir. Bu il Azərbaycanda oktyabrın 25-i bayram axşamı, oktyabrın 26-sı isə bayram hesab ediləcək. Dini qurban kəsmə İbrahim Peyğəmbərin adı ilə bağlıdır. Yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim Allahın əmrini yerinə yetirməyə hazır idi, lakin uca Allah bunu öz elçisinə rəva görmür. Bunun əvəzində qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Bu bayramda hansısa bir istəyin qəbul olunması üçün deyilən qurbanlar (deyilmə qurbanlar) kəsilmir.

Hansı heyvanlar qurban kəsilə bilər?

Qurban bayramı insanları halallığa, paklığa səsləyir. Bu bayramında hər bir imkanlı müsəlman qurban kəsib imkansızlara paylamalıdır. "Quran-Kərim"də buyurulub: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin ibadətiniz çatır". Qurban üçün kəsilən heyvanlarla bağlı bir sıra şərtlər var. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud dəvə olmalıdır. Heyvanın erkək olması daha üstün tutulur.

Qurbanla bağlı riayət edilməsi vacib olan şərtlər aşağıdakılardır:

a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır (xoruz, dovşan və s. olmamalıdır;)
v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır. Dəvə 5, öküz 2, keçi 1 illik, qoç və ya qoyun ən azı 6 aylıq olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət görülmür.

"Qurban əti" adı altında ət satışı haramdır

Son illər bayram günlərində bazarda "qurban əti" adı altında ət satışı hallarına təsadüf edilir. Bu qətiyyən yolverilməzdir. Qurban əti satıla bilməz. Bir neçə adamın bir heyvan alıb onu öz aralarında bölüşməsi, yaxud bazardan ət alıb gətirməsi qurbanlıq hesab olunmur. Bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər. Ancaq bu halda hər bir payçıya düşən ət payı ən azı üç hissəyə bölmək mümkün olmalıdır. Qurbanlıq heyvanın günorta namazınadək kəsilməsi məsləhətdir. Ancaq günün bu vaxtından sonra da Qurban kəsməkdə heç bir qəbahət yoxdur.
Qurban ətinin paylanmasına gəlincə isə, ət 3 hissəyə ayrılır. Bu hissələrdən birini qurban kəsən ailə özünə götürür. Ətin üçdə biri yoxsullara, qalan üçdə biri isə mömin insanlara paylanmalıdır

Qurban kəsmək yalnız buna imkanı olan şəxslərin boynunda haqdır. İmkanı olmayan şəxsə qurban kəsmək vacib deyil. Borc pula heyvan almaq islamda təqdir olunmur. Əgər kiminsə borcu varsa və bu borcu qaytarmağa imkanı yoxdursa, həmin şəxslər qurban kəsməməyə də bilərlər. Əgər hər hansı şəxs hər ay kredit ödəyirsə və bunu ödəməkdə çətinlik çəkmirsə bu şəxslər qurban kəsməlidirlər.
Qurban həddi-buluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir. Qurbanı kəsmək üçün niyyət olmalıdır. Qurban yalnız Allah üçün kəsilməlidir. Qurban kəsdikdə Allahın adı çəkilməli, yəni "bismilləh" deyilməlidir. Qurban kəsici, iti alətlə kəsilməli, şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır. Bu şərtlərdən birinə riayət olunmazsa, qurban qəbul olunmur. Qurban kəsildikdə təsadüf olunan məkruh (bəyənilməyən) əməllər aşağıdakılardır:
- bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
- bir heyvanın gözünün qabağında o birisini kəsmək;
- kəsilmiş heyvanın canı çıxmamış hər hansı bir əzasını sındırmaqla heyvana əziyyət vermək.

Allah Qurbanınızı qəbul etsin!

AzNews.az