Türkdilli ölkələrin KİV nümayəndələri Bakıya toplaşacaq

24 Oktyabr 2012 12:59 (UTC+04:00)
Noyabrın 5-11 də türkdilli ölkələrin KİV nümayəndələri Bakıya toplaşacaq. Dünya Gənc Türk Yazarlar birliyinin sədri Əkbər Qoşalının bildirdiyinə görə, "gəldik, gördük, yazdıq" layihəsi çərçivəsində bir araya gələcək qonaqlar Qarabağ həqiqətlərini canlı görmək şansı əldə edəcəklər.

Tədbir Gənclər İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində qonaqların bölgələrə səfərləri də gerçəkləşəcək.

Ə.Qoşalının bildirdiyinə görə, KİV nümayəndələrinin Quba rayonu toplu məzarlığa, Tərtər, Ağdam rayonlarına və digər bölgələrə səfəri nəzərdə tutulub. Sərhəd rayonlarına səfərlər mülki əhaliyə qarşı təcavüz faktı ilə tanışlıq məqsədi daşıyır. Noyabrın 6-da Dağlıq Qarabağ türk dünyasının ortaq problemi mövzusunda türk dilli ölkələrdən gəlmiş yazıçı və KİV nümayəndələri iştirakı ilə konfrans düzənlənəcək.

Qonaqların həmçinin, bir sıra dövlət qurumları ilə görüşləri də planlaşdırılıb. Ə.Qoşalının bildirdiyinə görə, layihənin əsas məqsədi türk qonaqların müşahidələri əsasında yazılacaq məqalə və əsərlərin toplanaraq kitab halında çap edilməsidir.

Ülviyyə Tahirqızı
Aznews.az