Millət vəkili narahatdır

24 Oktyabr 2012 13:02 (UTC+04:00)
"Xaricdə yaşayan azərbaycanlıların əmək hüquqlarının qorunması istiqamətində müvafiq işlər görülür". Bunu Milli Məclisin deputatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, başqa ölkələrdə yaşayan və işləyən azərbaycanlıların əmək hüquqlarının qorunması istiqamətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müvafiq işlər görüb və bu tədbirlər davam etdiriləcək. S.Mehbalıyev bildirib ki, xaricdəki azərbaycanlıların sosial və əmək hüquqlarının qorunması çox vacibdir. O, bu istiqamətdə bəzi ölkələrin müvafiq qurumları ilə danışıqların aparıldığını, müqavilələrin imzalandığını vurğulayıb.

"Minlərlə Azərbaycan vətəndaşı Rusiyanın bir çox vilayət və şəhərlərində işləyirlər. Bunların bir qismi qeyri-leqal fəaliyyət göstərir, bəziləri orada qeydiyyata düşmədən 3-4 ay işləyir və müəyyən problemlərlə üzləşirlər. Belə problemləri nəzərə alaraq Rusiya Həmkarlar Təşkilatı ilə danışıqlar aparmışıq və belə bir müqavilə imzalanıb ki, azərbaycanlıların kompakt yaşadığı vilayətlər, şəhərlərdə həmkarlar təşkilatları yaradaq"-deyən deputat qeyd edib ki, belə bir həmkarlar təşkilatı bəzi vilayətlərdə yaradılıb.

Gültəkin Qəhrəmanlı
AzNews.az