Azərbaycanlı fotoqrafın əsərləri Türkiyədə - Fotolar

21 Oktyabr 2015 11:56 (UTC+04:00)

Görüşün əsas məqsədi türk dünyası xalqlarının qardaşlıq, birlik əlaqələrini gücləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaqdır. Azərbaycan Fotoqraflar Birliyinin üzvü Araz Adiloğlu AzNews.az-a açıqlamasında bildirib ki, TÜRKSOY-a üzv olan ölkələrin fotoqraflarından ibarət 27 nəfərlik qrup oktyabrın 5-ində və 9-unda Safranbolu vilayəti ərazisində çəkilişlər edib: "Daha sonra isə TÜRKSOY rəhbərliyi Düsen Kaseinov başda olmaqla mətbuat konfransı keçirildi. Konfransda gələcək layihələr və görüləcək işlər haqda məlumatlar verildi. Həmçinin müxtəlif təkliflər səsləndirildi. Tədbirin sonunda isə fotoqraflara bu layihəyə qatıldıqlarına görə sertifikatlar təqdim olundu".

Araz Adiloğlu qeyd edib ki, Safranbolunun tarixi, təbii və mədəni zənginliklərini bütün dünyaya tanıtmaq üçün fotoqraflar, o cümlədən özü çəkmiş olduqları işlərdən bir neçəsini seçərək sərgi üçün təqdim ediblər: "Oktyabrın 10-da Safranbolunun tarixi yerlerindən biri olan SAKEM -də işlərimizdən ibarət sərgimiz baş tutdu. Sərgiyə gələn Safranbolu bələdiyyə rəhbərliyi Dr. Necdet Aksoy, hər bir fotoqrafın Safranboludan olan fotoları ilə yaxından tanış oldu və çox məmnun qaldığını söyləyərək hər birimizə xüsusi minnətdarlığını bildirdi. TÜRKSOY-un əsas tədbirlərindən sayılan Türk Dünyası Fotoqraflarının 12-ci görüşündə Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Başqırdıstan, Qaqauz Yeri (Moldova) , Kabardin-Balkar, Türkiyə , Tatarıstan, Moskva, Makedoniya, Bosnya-Hersoqovina, Arnavutluq, Krım, Tıva, İran Türkləri, İraq Türkmənləri və Saha-Yakutiyadan olan fotoqraflar iştirak edirdi. Azərbaycan təmsilçisi olaraq, TÜRKSOY-un təşkil etdiyi bu cür dünya miqyaslı bir tədbirdə iştirak etməkdən çox qürur duyuram və çox məmnunam".

Sevinc Yasinqızı