Cənubi Uels ştatı “Dağlıq Qarabağ" Respublikasını tanıdı

25 Oktyabr 2012 11:13 (UTC+04:00)


Bu gün Avstraliyanın Yeni Cənubi Uels ştatının Qanunvericilik Şurası "Dağlıq Qarabağ Respublikasının" (DQR) tanınması və Qarabağ xalqının öz müqəddəratını təyinetməsi hüququ ilə bağlı qətnamə qəbul edib.

AzNews.az-un məlumatına görə, Qanunvericilik Şurasının üzvü Mari Fikarra tərəfindən irəli sürülən bu təşəbbüs yekdilliklə qəbul olunub. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev isə AzNews.az-a bildirib ki, oktyabrın 26-da sözügedən məsələ ilə bağlı rəsmi Bakının rəsmi mövqeyi olacaq.

Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının qanunvericilik orqanı bu qətnaməni qəbul edərək yerli hökumətin separatçı "DQR" rejiminin müstəqilliyini rəsmi şəkildə tanımağa, həmçinin "Dağlıq Qarabağ" və "DQR vətəndaşları" ilə münasibətləri gücləndirməyə çağırıb, "Dağlıq Qarabağ Respublikasına" humanitar və iqtisadi dəstəyin davam etdirilməsini zəruri sayıb.

Vasif Həsənli
AzNews.az