“Əlimdən gələni etməyə çalışdım” – Qənirə Paşayevanın seçicilərlə görüşündən (Fotolar)

27 Oktyabr 2015 12:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, çox sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb. Bu 10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım deyən Qənirə Paşayeva son 10 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Cilovdarlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını deyib. Kənd sakinlərinin yeni yol, yeni tibb məntəqəsi kimi istəklərinin reallaşdığını deyən millət vəkili Qənirə Paşayeva həllini gözləyən problemlərdən də danışıb.

Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.