Eynulla Fətullayev Eldar Həsənovdan yazdı

26 Oktyabr 2012 06:25 (UTC+04:00)


Sabiq baş prokuror Eldar Həsənov mənim sürgündə olan qiyamçı səfirlə vurulmuş rektorun hərəkətlərinin razılaşdırılmış xarakteri haqda söylədiyim analitik fikirlərimi tələm-tələsik yalana çıxarmağa çalışdı. "Eynulla Fətullayevi yaxşı tanıyıram, mənim haqqımda müxtəlif cəfəngiyatlar yazıb. Elşad Abdullayevi isə tanımıram. Onu hansısa tədbirdə cəmi bir dəfə görmüşəm" - deyə Həsənov bildirib.

O dəqiqə skaypda Elşad Abdullayevlə əlaqəyə çıxdım:

- Salam, Elşad müəllim.

- Salam, Eynulla.

- Eldar Həsənovun sizi həyatda cəmi bircə dəfə görməsi haqda verdiyi bəyanatını oxumusunuzmu?

- Yəqin qorxur da belə deyir (gülür). Onunla aramızda çox isti və yaxşı əlaqələr olub. Eldar Həsənov mənim böyük qardaşımın arvadının yas mərasimində də iştirak edib. Mən də dəfələrlə onların evində qonaq olmuşam. Yəqin qorxur...

Beləliklə, mən nəyə görə bu qənaətə gəlmişəm ki, bütün bu əcaib kriminal tarixçənin arxasından siyasi hakimiyyətə yiyələnmək iddialarını heç vaxt gizləməyən xarizmatik və iradəli sabiq baş prokurorun zəhmli obrazı boylanır? Mənim versiyamı anlamaq üçün gəlin əvvəlcə qısaca Həsənov haqda danışaq.

E.Həsənov siyasi səhnədə öz həyat yoluna heydərizm epoxasının lap başlanğıcında qədəm qoymuş irimiqyaslı siyasi oyunçudur. Mən bu fikri dəfələrlə təkrar eləmişəm ki, əgər hazırkı hakim elita baş prokurorun yolu üstündə dayanmasaydı, Azərbaycanın tarixi tamamilə ayrı bir spiral üzrə fırlanacaqdı. Yalnız Böyük sükançının zamanın sınağından çıxmış, siyasi təcrübə və Kreml intriqaları ilə daha da müdrikləşmiş siyasi bəsirəti ona ən təhlükəli rəqibi ilə - öz-özünə yetişmiş bu istedadlı adamla döyüşdə kömək etdi. Axı tutaq ki, yüksəkliyə partnomenklatura nərdivanları ilə qalxmış Ramiz Mehdiyevdən, yaxud Sistemin partiya-təsərrüfat məktəbini keçmiş digər "siyasi erkəkdən" - Abbas Abbasovdan fərqli olaraq Eldar Həsənovun arxasında polis axtarışlarından başqa heç nə yox idi.

E.Həsənovun siyasi istedadı və heç cür sakitləşmək bilməyən hakimiyyət ehtirası o, Baş Prokurorluqda işləyərkən meydana çıxıb. O, öz Sistemini qura-qura Sistemə xidmət edirdi. Bu zaman sifarişli cinayət işlərini möhürləməyə məhkum olan Pilatın yox, aşkar lider rolunda xidmət göstərirdi. Bu nə qədər paradoksal görünsə də üzərinə hakimiyyət tərəfindən repressiyalar aparmaq vəzifəsi qoyulan prokuror bütün nomenklaturanın, siyasi bomondun, hətta ictimaiyyətin rəğbətini qazanmışdı. Özü də siyasi məhbusların meyitləri və işləri arasında qurdalana-qurdalana...

Lakin Azərbaycan təzadlar, paradokslar ölkəsidir. Gəlin əsas həqiqəti və zəmanəmizin qəhrəmanlarını unutmayaq. Yalnız siyasi istedadı, iradi keyfiyyətləri və ən çıxılmaz vəziyyətlərdən də çıxmağı bacarmaq kimi misilsiz və fövqəladə qabiliyyəti E.Həsənova Patriarxın özü ilə döyüşdə də dözüb duruş gətirməyə kömək etdi. E.Həsənov bunların sayəsində şahmat heç-heçəsinə və ya "qızıl körpü" vəziyyətinə nail oldu. Bu isə özünü onda göstərirdi ki, baş prokuror oyundan nəzərəçarpacaq dərəcədə böyük itkilər olmadan çıxdı, bütün əmlakını, sifətini və gələcəyə olan inamını qorudu.

Yalnız coşğunluğu, prinsipsizliyi, dəlisov ünsiyyətcilliliyi və insani əlaqələr yaratmaq istedadı E.Həsənova elitanın ona olan inamını qaytarmağa kömək etdi. O, sözün əsl mənasında Jukov sayağı, Jukov yaraq-əsləhəsi ilə fətholunmaz Avropanı fəth etməyə, cəmi 10 il qabaq çətin vəziyyətə salmağa, zəiflətməyə, hətta bu sözü deməkdən də çəkinmirəm - devirməyə çalışdığı adama heykəllər ucaltmağa başladı.

Elşad Abdullayevin videotekasına qayıdaq. Vurulmuş rektor öz videoarxivini nədən belə gözlənilməz şəkildə hakimiyyətdaxili qruplaşmalara qarşı işə saldı, İlham Əliyevin ətrafını atəşə tuta-tuta prezidentin özünün yanından səliqəli şəkildə yan keçdi? Bütün bu tənqidləri Sistemin özünün, yəni Ailənin üstünə yönəltmək, digər siyasi mühacirlərin açdığı cığırla hərəkət etmək, özü haqqında siyasi qurban, əzabkeş obrazı yaratmaq, öz gələcək xoşbəxtliyini təmin etmək Fransa vətəndaşlığı almağı inanılmaz dərəcədə bərk-bərk arzulayan E.Abdullayev üçün daha yaxşı variant olardı. Amma E.Abdullayev tamamilə başqa sxem üzrə hərəkət edir...

Yeri gəlmişkən, Abdullayevin yaxın dostu, əvvəllər fəal əməkdaşlıq etdiyi şəxs, indiki siyasi mühacir, MTN-in sabiq polkovniki, hazırda Parisdə yaşayan Ramin Nağıyevin verdiyi informasiyaya görə, Elşad Abdullayev bir ilə yaxın Moskvada yaşayıb. Onun ailəsi hazırda da nədənsə elə həmin Moskvada yaşamaqda davam edir.

Belə bir təhlükəli oyuna girmiş sağlam düşüncəli istənilən adam öz ailəsini qanunların işləmədiyi və azərbaycanlı mafiozların iti barmaqlarının asanlıqla çata biləcəyi belə bir ölkədə heç bir halda saxlamazdı. Adam yalnız bir halda belə riskə gedə bilər - əgər o, həddən artıq ciddi qurumlardan qarantiya alsa. E.Abdullayev belə bir qarantiya alıbmı? Məlum deyil...

Və ilk baxışdan əhəmiyyətsiz görünən daha bir detal haqda. Elşad Abdullayev Rusiya Hüquq Akademiyasının həqiqi, Eldar Həsənov isə elə həmin akademiyanın müxbir üzvüdür.

Və daha bir məsələ. Eldar Həsənovun yaxın dostu və müttəfiqi olan sabiq baş nazir müavini, 26 hökumət komissiyasının sədri (o, özünü zarafatla belə adlandırır) olan Abbas Abbasov E.Abdullayev tərəfindən başladılan video-hücumla sinxron və paralel olaraq yeni layihənin həyata keçirilməsinə başlayır. Rusiyadakı azərbaycanlı oliqarxların ittifaqını yaradır və bununla da rəsmi Bakıda, o cümlədən prezidentdə aşkar qıcıq yaradır. İlham Əliyevin bu məsələdən narazılığı özünü Nazim İbrahimovun A.Abbasovun bu təşəbbüsünü kifayət qədər kəskin formada tənqid etməsində göstərdi. Aydın məsələdir ki, Paşayevlərə yaxınlığına baxmayaraq qorxaq adam olan Nazim İbrahimov bunu prezidentin əl işarəsi olmadan edə bilməzdi. A.Abbasovun bu ideyası Əliyevlər elitasının açıq-aşkar zövqünü oxşamamışdı. O, xalis satqınlıq və xəyanət kimi qəbul olundu. Bunun ardınca baş verənlər, A.Abbasovun özünə bəraət qazandırmağa, taxt-tacı öz sədaqət və sevgisinə inandırmağa çalışması prezidentin rəhm və əfvini qazanmağa ümidsiz cəhdlər təsiri bağışlayır.

A.Abbasovla E.Həsənov ötürücü qayışı Kremldən idarə olunan eyni böyük maşının vintləridir. Yeri gəlmişkən, E.Həsənovu bir vaxtlar məhz Abbas Aydınoviçin himayədarlığı ilə baş prokuror təyin etmişdilər. Sonralar buna görə uzun müddət heyfsiləndilər. Çünki E.Həsənovu irəli çəkəndən sonra onu heç cürə yerindən tərpədə bilmədilər.

Abbasov-Həsənov oliqarxik ittifaqı əhəmiyyətli resurslara, geniş əlaqələrə və nomenklatura arasında dəstəyə malikdir. Lakin bu alyans Azərbaycanda itirdiyi mövqelərini heç cür geri qaytara bilmir. Bir-biri ilə rəqabət aparan klanlar onları post-Heydər dövrünün elə ilk illərindəcə vurub Sistemdən çıxardılar. Çünki Həsənov və Abbasovdan fərqli olaraq digər klanlar hakimiyyət üçün böhranlı sayılan situasiyaların heç birində öz oyununu oynamaq arzusuna düşmədilər, onların ambisiyaları və hakimiyyət ehtirasları müşahidə olunmadı. Yəni digər klanlar onlara həm iqtisadiyyatda, həm də inzibati hakimiyyət sistemində ayrılmış payla kifayətləndilər...

Belə bir vəziyyətdə bəs "Gəncə ittifaqı" nə etməli idi? Rəqiblərini rüsvay edərək Sistemdən və Sahibin ətrafından vurub çıxarmaq. Sahibi döyüş meydanında tək qoymaq və Onu inandırmaq ki, O, avtoritarizmin yırğalanan, davamsız siyasi zəminində onlarsız möhkəm dayana bilməz.

Buna görə də video-seansın seçdiyi hədəf bəllidir: bu zərbələr iki əsas qruplaşmaya, Əliyevlər hakimiyyətinin iki əsas sütununa - mehdiyevçilərə və MTN-ə yönəlib. Bəs, bunun əvəzində prezidentə nə təklif olunur? Kreml prezidentə sonradan elə öz prezidentini sıxışdırmağa başlayacaq oliqarxların iştirakı ilə korporativ hakimiyyət modeli təklif edir.
Oyun hələ indi-indi başlayır...

Qeyd edək ki, məqalə Eynulla Fətullayevin imzası ilə haqqın.az saytında rus dilində dərc olunub. Azərbaycan dilinə Müsavat qəzeti əməkdaşları tərəfindən tərcümə edilib.

musavat.com