Deputat köməkçisi jurnalisti oğurladı

26 Oktyabr 2012 07:10 (UTC+04:00)
Qırğızıstanın "Beşinci kanal" televiziyasının informasiya şöbəsinin jurnalisti Aynurə İsmayılova oğurlanıb. Bu haqda məlumat verən adıçəkilən şöbənin baş redaktoru Dimitriy Lojnikovun bildirdiyinə görə, jurnalisti məcburi surətdə ərə vermək məqsədi ilə qaçırılıb. Belə ki, oktyabrın 24 –ü səhər saatlarında naməlum gənc redaksiyaya zəng edərək, Aynurənin işə gəlməyəcəyini bildirib. Telefon zənginə cavab verən əməkdaş jurnalistin hönkürtüsünü və yalvarışlarını eşitdiyini iddia edib.

Sonradan məlum olub ki, İsmayılova qaçırılaraq paytaxtdan İssık Kul gölünə aparılıb. Sonradan jurnalisti Bişkekə qaytarıblar. Məlumatda bildirilir ki, jurnalist Qırğızıstanın "Ata Məkan" partiyasını təmsil edən deputatın köməkçisi tərəfindən qaçırılıb. Partiya başqanı Şirin Aytmatovanın KİV-ə açıqlamasında bildirib ki, köməkçisi öz sevgilisini qaçırıb. Lakin bu onun hərəkətinə bəraət qazandırmır: "Mən heç vaxt onun şəxsi həyatı haqqında soruşmamışam. Amma bir neçə dəfə onları bir yerdə görmüşəm. Bir dəfə qızımın dayəsi bildirdi ki, onlar ayrılıblar. Amma mən detallara varmadım. Hər halda, qızı qaçırmaq lazım deyildi".

Qeyd edək ki, Qırğızıstanda qızların evlənmək məqsədi ilə qaçırılması geniş yayılıb. Yerli Ombudsmanın məlumatına görə, ölkədə hər il 15-16 min qız zorla ərə verilmək məqsədi ilə qaçırılır. Hökumət mövcud problemlə mübarizə aparmaq məqsədi ilə oktyabrın 18-də yeni qanun qəbul edib. Qanuna görə, qadını məcburi evliliyə təhrik etməyə görə 7 il azadlıqdan məhrum etmə cəzası gözləyir. 17 yaşından aşağı qız qaçıranlar isə 10 il həbs cəzası ala bilərlər.

Ülviyyə Tahirqızı
Aznews.az