Ketrin Zeta-Cons: «İstəyirdi ki, hamı hamilə vəziyyətimi görsün» - MÜSAHİBƏ

26 Oktyabr 2012 20:05 (UTC+04:00)
Ketrin Zeta-Cons bütün dünyanı istedadı, gözəlliyi və inanılmaz cazibədarlığı ilə özünə heyran qoymağı bacarıb. Uelsin Suonsi rayonundakı balıqçılar kəndində dünyaya gəlmiş məşhur Hollivud aktrisası, nüfuzlu "Oskar" mükafatı laureatının peşəkar həyat yolu barədə çox deyilib, çox yazılıb. Bəs, ecazkar Ketrin ekrandan kənarda kimdir, ailəsi necədir, bu haqda məlumat azdır. Ola bilər, aktrisanın özü də belə informasiyaların yayılmasını önəmsəməyib, bəlkə məsələyə razılıq da verməyib. Maraqlıdır ki, belə bir adam "Exo planetı" jurnalına müsahibə verməyə və indiyədək açıqlamadığı məqamlardan danışmağa razılıq verib.

- Ketrin, sizin iki övladınız, möhtəşəm kinokaryerası olan Maykl Duqlas kimi məşhur həyat yoldaşınız var. Bütün bunların içərisində nəyi birinci yerə qoyardınız. Sizin üçün prioritet nədir?

- Hərtərəfli həyat yaşayıram. Ömrümdə həm ailəmə, həm də sevdiyim işə yer var. Fikrimcə, bəxtim gətirib. Nə vaxtsa, seçim qarşısında da qalmamışam. İndiyədək nədənsə məhrum olmaq məcburiyyətində qalmamışam. Yox, əgər, nə vaxtsa dilemma qarşısında qalsaydım, heç fikirləşmədən ailəmi seçərdim. Ailə hər bir qadın üçün olduqca təbii şeydir.

- Həyat yoldaşınızla eyni gündə 25 sentyabr tarixində anadan olmusunuz. Aranızdakı yaş fərqi də 25-dir. Bu halda rəqəmlərin magiyasına inanırsınızmı?

- Mən inanıram ki, bir yerdə olmağımız talenin qismətidir. İlk gündən məsələyə belə yanaşıram. Bizim sevgimiz bir çox çətinlikləri nəzərə almayaraq başlamışdı. İndinin özündə də məhəbbətimiz və ailəmizə olan sevgi bizi xoşagəlməzliklərdən qoruyur. Birlikdə bütövük. Mayklla həyatım əsl mahiyyətinə qovuşdu. Hər zaman bilirəm ki, onun simasında arxalanmalı yerim, başımı qoya biləcəyim əsl kişi çiyni var. Əlbəttə, bu, mənə hər zaman lazım olmur, amma bəzən sadəcə vacib əhəmiyyət daşıyır.

- Görünür, Maykl Duqlası hamıdan yaxşı tanıyırsınız. Gerçəklikdə o, necədir?

- Ekranda olduğum kimi - möhtəşəm. O, sevən ata, qayğıkeş həyat yoldaşı, gözəl dostdur. Maykl kimi etibarlı adamlar indi çox azdır. O, heç vaxt mənim üçün gül almağı unutmur. Elə olur, saatlarla uşaqlarla gəzintiyə çıxır. Övladlarını çox diqqətlə dinləyir, onların hər bir probleminin aradan qalxmasına səmimi qəlbdən can yandırır. Maykl eyni zamanda çox emosionaldır. Bəzən Dilon və Kerisin belə danışdıqlarındakı təsirli məqamları eşidəndə özünə hakim kəsilməyi bacarmır.

- Siz öz həyat yoldaşınız haqqında çox qürurla danışırsınız. Hollivudda belə sevgi hər zaman ələ düşmür. Çox güman, paxıllığınızı çəkənlər var.

- Əlbəttə, var. Amma xöşbəxtlikdən biz onları tanımırıq. Müəyyən vaxtlarda belə adamlar var idi ki, bəzən mənlə, bəzənsə Mayklla söhbətlər aparırdılar. Çalışırdılar ki, yekunda ayrılmalı olduğumuz barədə fikirlərə gələk. Müxtəlif şeylər uydurur, hətta təxribata da çəkirdilər. Amma biz yalnız bir-birimizə inanır və etimad bəsləyirik. Ona görə də axırda hamısı sakitləşib yerlərində otururdu.

- Maykl sizi heç vaxt qısqanmayıb?

- Hesab edirəm ki, qısqanclıq eqoizmin təzahür formasıdır. Mayklda isə bu xarakter yoxdur. Mən hamilə olanda o, həmişə mənim görkəmimlə fəxr edirdi və birlikdə hansısa tədbirə qatıla bilməyəndə çox məyus olurdu. İstəyirdi ki, hamı hamilə vəziyyətimi görsün. Bu mənzərə onun üçün çox gözəl idi və gözəlliyi hamı ilə bölüşməyə can atırdı. Əlbəttə, birbaşa baxmaq, nəzər salmaq, əl vurmaq, bütün bunlara razı olmazdı.

- Deyilənə görə, internetə çox vaxt sərf edirsiniz. Yeni şəkillərə baxırsınız, yer aldığınız karikaturaları izləyirsiniz. Bütün bunlara necə vaxt tapırsınız?

- Maraqlı xəbərdir. Bilmək istərdim ki, bunları kim belə düşünməyi bacarır? Nə qədər istəsəm də, buna vaxt tapa bilmərəm. Ancaq mənim üçün işləyən bir nəfər var ki, o, həqiqətən də internetdə barəmdə olan hər şeyi çox dəqiqliklə izləyir. Burada başqa bir məqsədim yoxdur. Öz imicimin üzərində əsən adamam. Bilmək istəyirəm, adım harada, hansı yerlərdə hallanır. Ona görə də kimsə məni hansısa erotik çarxa və ya təxribatçı şəklə yamaq etmək niyyətinə düşsə, problem tez bir zamanda aradan qaldırılır.

- Amma siz reklamda çəkilməkdən etiraz etmirsiniz? Müxtəlif tanınmış aktyorlar bunun layiqsiz iş olduğunu deyirlər…

- Bunun layiqli olmaması haqqında hətta düşünmək belə çətindir. Ola bilər, reklam sözünün mənasını bilmirlər və ya onlara maraqlı təklif edən olmayıb. Mənim üçün reklam biznesdir. Reklam səbəbindən heç bir halda gündəlik obrazımı pozmuram. Özüm barədə yalançı təəssüratı yaratmıram. Reklam müqavilələrini çox dəqiqliklə seçirəm ki, sonradan hansısa problemlərlə üzləşməyib.

- Necə düşünürsünüz, sizin jurnalistlər tərəfindən formalaşdırılmış obrazınız, həqiqi simanızdan nə dərəcədə fərqlənir?

- Mənə bu suala cavab vermək çox çətindir. Həmişə özüm kimi qalıram. Amma jurnalistlər bəzən mənim həyatıma inanılmaz hadisələri əlavə edirlər. Əvvəllər bundan əziyyət çəkirdim, sonra vəziyyətlə barışırdım. Şəxsi həyata müdaxilə edən tankı saxlamaq çox çətindir. Amma hesab edirəm ki, durumun aradan qaldırmaq naminə nələrisə etmək lazımdır. Çünki insanlar ekrandan kənarda öz ailələri və dostları ilə baş-başa qalırlar.

AzNews.az