Yazar Zamin Hacı və millət vəkili Fazil Mustafa

27 Oktyabr 2012 05:45 (UTC+04:00)

Fazil Mustafa "Yeni Müsavat" qəzetindəki yazısında Zamin Hacı ilə bərabər daha iki köşə yazarı - Şahvələd Çobanoğlu və Elnur Astanbəylinin ünvanına sərt ifadələr, ittihamlar, hətta təhqirlər səsləndirib. "Cırıq üçlük" adlanan yazıda müəllif hər üç köşə yazarını təmsil olunduqları düşərgəyə etibarsızlıq etməkdə günahlandırıb: "Bu adamlar mənə sovet dövrünün "Troyka"sını xatırladırlar. Yəni o zaman yaradılan "Troykalar", məlum "Üçlüklər", insanları ifşa edib bir yerlərə göndərmək vəzifəsi daşıyırdı. O zaman onlara rəsmi səlahiyyət verilmişdi. Bu köşədə gizlənmiş yazarların yaratdığı "Üçlük" isə özəl səlahiyyət əxz edib, hansı cinahda olmasına baxmadan hamını ifşa etməyi özlərinə mənəvi vəzifə olaraq görürlər. Yenə də təhqir etmə niyyəti güdmədən yeri gəldiyinə görə vurğulayıram, bizdə, Naxçıvan tərəflərdə iqtidar, müxalifət, yaxın, qohum, qonşu olmasından asılı olmayaraq, etibarsız adamlara cırıq üçlük deyərlər. İnanın, iqtidarda da, müxalifətdə də, yaşadığımız həyatın hər kəsişən yerində pis, yaxşı, dürüst, nadürüst adamlar ola bilər. Ancaq ən təhlükəlisi etibarsız adamlardır və nə yazıq ki, hər üçünüz hətta öz cinahınızda olanlar üçün də bu siyahının başında gəlirsiniz. İndi xatırladım ki, Türkiyədə də bu kateqoriyadan olan adamlara üçkağatcı deyirlər".

Fazil Mustafa Zamin Hacı barəsində daha sərt ifadələr işlədərək "Anlamadı ki, bu bir cümləyə görə adamı həqiqətən hərəmxanaya qatıb, paltarını dəyişib deyərlər ki, isbatla parlamentin hərəmxana olmağını. Çox humanist hakimiyyətlə üzləşmisən, cocuq! Yoxsa çoxdan sənin təlxəkliyinə o biri komponentləri də əlavə edərdilər. 1995-ci ildən bəri bu parlament var və bu gün bir yerdə olduğunuz onlarla insan burada fəaliyyət göstərib, onlarla insan bura seçilmək üçün çalışıb, yüzlərlə insan burada məmur kimi çalışır, onlar hamısını hərəmxanayamı aid edirsən? Ona görə də tutduğun indiki mövqe ilə öyünmə, hərəmxanada aldığın tərbiyə ilə öyünərsən, cocuq!" deyə vurğulayıb.


Zamin Hacı isə çalışdığı qəzetdə belə bir yazının getməsinə etirazını bildirərək "Azadlıq" qəzetinə müsahibəsində deyib: "Biz hökumət qəzetlərində özümüzə qarşı "niyə bunları öldürmür, niyə məhv etmirsiniz" tipli çağırışlara çox rast gəlmişik. Çox təəssüf ki, mənim öz qəzetimdə də bu cür çağırışlı yazılar gedir. Bunu başqa cür qiymətləndirə bilmərəm. Nə yazmışamsa, Fazil Qəzənfəroğlunun fəaliyyətindən yazmışam. Deputatxananı da hərəmxana adlandırmağım onunla bağlıdır ki, orada kimlərsə öz məşuqələrini deputat qoyur. Qeyri-adi bir şey deməmişəm və bu söhbəti də sübut etməyə hazıram. Amma Fazil adlı şəxs bu yazıda konkret olaraq hökumətə çağırış edir ki, mənə qarşı niyə tədbir görmürlər, niyə məni susdurmurlar. Bu da mənim öz çalışdığım qəzetdə gedib. Mən Rauf Arifoğluna da "təşəkkürümü" bildirdim ki, artıq bu vəziyyətə gəlib çıxmışıq. Sözü var idi, mənim özümə yazsın, amma orada təhdid və hökumətə konkret çağırış var. Bu təhdid də elə-belə deyil. Deputat adını daşıyan, amma buna layiq olmayan şəxsin dairəsindəki adamlar narahat olmalıdırlar ki, gör, deputatxanada onları necə təhlükəli bir tip təmsil edir".

Z.Hacı F.Mustafanın iddialarına münasibəti belə olub: "O iddia edir ki, guya biz hakimiyyətə gəlmək istəyirik. Bu, onun nə qədər düşüncəsiz adam olduğunu, ağlının yerində olmadığını göstərir. Mən publisistəm, o cümlədən də o biri həmkarlarım. Biz nə vaxt hakimiyyətə gəlmək iddiasında olduq? Nə vaxt dedik ki, hakimiyyətə gəlib Saakaşvili və ya başqa biri olacağıq? Bu adam sadəcə olaraq xəstədir. İkincisi də, şüşə evdə yaşayan adam gərək, daş atmasın. Təhqir etməmişdən əvvəl getsin yaxşı-yaxşı fikirləşsin ki, onun Naxçıvanda atasının hansı obyekti var idi. Bu cür obyektdən gələn pullarla böyümüş adamın ləyaqətdən danışması ayıbdır. Problem Fazil Qəzənfəroğlu yox, İlham Əliyev problemidir. Kimsə demişdi ki, Balıq Hafizi Elçibəy adam elədi, İlham Əliyev onu təzədən Balıq Hafizə çevirdi. Bu gün bir daha görünür ki, ləyaqətli bir rejimdə istənilən ləyaqətsiz adam belə özünün hansısa müsbət keyfiyyətlərinə görə ləyaqətli ola bilər. Amma oğruların, quldurların rejimində belə tiplərin ən çirkin cəhətləri üzə çıxır. Və belələri də meydan sulayırlar. Hansı hakimiyyəti təmsil edirsə, kimin əlaltısıdırsa, ona da uyğun danışır".

F.Mustafanın tənqid obyekti olan digər iki köşə yazarı - Şahvələd Çobanoğlu və Elnur Astanbəyli isə öz köşələrində millət vəkilinə ayrıca cavab verəcəklər.

AzNews.az