“Təbii fəlakət seçici fəallığına təsir etməyib” – Astara İH-dən açıqlama
1 Noyabr 2015 15:47 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev bildirib. O, vurğulayıb ki, baş verən təbii fəlakətə baxmayaraq, əhali seçki prosesində fəal iştirak edir: "Əhali seçki məntəqələrinə gəlir və istədiyi namizədə səs verir".
İ.Malıyev qeyd edib ki, təbii fəlakətlə əlaqədar Astara rayonunda ciddi fəsadlar olmayıb: "Bir neçə korpü dağılıb. Ziyan dəyən yerlərlə əlaqədar sənədlər aktlaşdırılıb, sənədlər Fövqəladə Hallar Nazirliyinə təqdim olunub. Bundan əlavə, həyətlərdə subasma halları vardı. Onlar da su maşınları və ekskavatorlar vasitəsi ilə həyətlərdən təmizlənib".
Xatırladaq ki, oktyabrın 30-da baş verən təbii fəlakət zamanı Masallı, Astara, Lənkəran və Biləsuvar rayonlarına ciddi ziyan dəyib.
Bahar RÜSTƏMLİ
AzNews.az