Prezident Leonid Slutskini qəbul etdi

1 Noyabr 2015 15:51 (UTC+04:00)

Azərbaycanda müxtəlif ölkələrdən və təşkilatlardan müşahidəçilər missiyasının olduğunu vurğulayan Leonid Slutski Rusiya Federasiyası Dövlət Dumasından və MDB Parlament Assambleyasından ibarət müşahidəçi missiyaya rəhbərlik etdiyini deyərək onların avqust ayından başlayaraq seçkilərə hazırlıq prosesi ilə bağlı monitorinqlər apardıqlarını bildirib.

Bu gün bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etdiklərini vurğulayan L.Slutski bildirib ki, Qərbin bəzi dairələrinin verdiyi proqnozlardan fərqli olaraq məntəqələrdə heç bir qanun pozuntusunun qeydə alınmadığının, əksinə əvvəlki seçkilərlə müqayisədə daha böyük irəliləyişlərə nail olunduğunun şahidi olublar.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməsi məsələsinə toxunan Leonid Slutski qeyd edib ki, bu təşkilat qəbul etdiyi qərarla siyasi baxımdan Avropa ictimaiyyətinə bir institut kimi artıq öz dövrünü başa vurduğunu göstərib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməklə bağlı təkbaşına qərar vermək hüququna malik olmadığını vurğulayan dövlətimizin başçısı bu qurumun bütün qaydaları və reqlamenti pozduğunu bildirib.

Prezident İlham Əliyev deyib: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifəsi seçkini müşahidə etməkdir. Bildiyiniz kimi, biz onları dəvət etdik və ayrı-ayrı ölkələrə müşahidəçilərin sayının müəyyən edilməsi metodologiyası ilə bağlı izahat vermələrini xahiş etdik. Onlar bizə cavab vermək əvəzinə, ümumiyyətlə, müşahidəçi göndərməməyi qərara aldılar".

Dövlətimizin başçısı bütün bu hərəkətlərin qəbuledilməz olduğunu bildirib.