İlyas İsmayılov DSK-nı məhkəməyə verəcək

2 Noyabr 2015 10:21 (UTC+04:00)
Bu barədə AzNews.az-a açıqlamasında İ.İsmayılovun özü məlumat verib. O, bildirib ki, onu nüfuzdan salmaq istəyiblər: "Mənə üçüncü yeri qəsdən veriblər ki, hörmətdən, nüfuzdan salsınlar. Onları tanıyan yoxdur. Belə olan halda mən üçüncü yerə necə düşə bilərəm? Seçilən Ağayeva Ülviyyəni tanıyan yoxdur. Heç ikinci yerdəki şəxsi də".

O, baş verən olayla bağlı məhkəməyə müraciət edəcəyini bildirib: "Dairə Seçki Komissiyasında mənim səslərim oğurlanıb. Onları məhkəməyə verəcəm. Seçkinin nəticələrini tanımamağımla bağlı artıq bəyanat verdim".

Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov 10 il deputat olduğu 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsində bu dəfə səs ala bilməyib. Məntəqələrdə səsvermənin nəticələrinə görə, İ. İsmayılov 2132 səslə üçüncü yeri tutub. 16086 səslə bitərəf namizəd Ağayeva Ülviyyə Cavanşir qızı qalib gələrək Milli Məclisə vəsiqə qazanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az